Aqil Məmmədov: Xaricdə oynamağın zamanı çatıb
"Neftçi"nin sabiq qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi
- Sirr deyilsə, karyeranızı harada davam etdirməyə hazırlaşırsınız?
- Hazırda bütün diqqətimi ölkə xaricində oynamağa yönəltmişəm. Təkliflər də var.
- Türkiyə birinci divizionundan?
- Gizlətmirəm ki, belə variant da var. Amma buna ən son variant kimi baxıram. Məsələ burasındadır ki, başqa ölkələrdən də təkliflər var. İndi bu barədə danışıb saytınızın oxucularını aldatmaq istəmirəm. Qoy hər şey dəqiqləşsin, ondan sonra danışarıq.
- Bəs Premyer Liqa klublarından dəvət yoxdur?
- Azərbaycanda oynamaq istəmirəm. Fikrimci, indiki məqamda xaricdə oynamaq daha yaxşı olar. Artıq özümü ölkədən kənarda sınamağın zamanıdır.
- Səsinizdən hiss olunur ki, insimisiniz...
- (gülür) Yox. Hər şey normaldır.
- "Neftçi"də niyə qalmadınız?
- Mövsümün sonunda klub rəhbərliyi ilə görüşdüm. Onlar mənə yeni müqavilə təklif etdilər, amma şərtləri məni qane etmədi. Söhbət təkcə puldan getmir. Məni bu klubdan getməyə digər səbəblər məcbur etdi. Heç kimdən incik deyiləm.
- Sizə elə gəlmir ki, növbəti mövsüm elitada cəmi 8 klubun mübarizə aparması yerli futbolçuların işini xeyli çətinləşdirəcək? Təxminən 20 faiz işsiz qaldı, klub tapa bilmir...
- Şübhəsiz ki, elədir. Azərbaycan kimi ölkə üçün 8 klub çox azdır. Amma biznesmenlər futbola pul xərcləmək istəmirlərsə, nə etmək olar?
