Kamran Quliyev: Vaqif Cavadov Sumqayıtda ən çox qazanan futbolçulardan biridir
"Sumqayıt"ın prezidenti Kamran Quliyevin azerisport.az saytına müsahibəsi
- Transfer pəncərəsi artıq açıdır. "Sumqayıt" bu yay legioner futbolçu alacaq?
- Premyer Liqada cəmi 8 klubun qaldığını nəzərə alsaq, hesab edirik ki, indiki vəziyyətdə yerli futbolçulara üstünlük vermək daha doğru olar. Əlbəttə, legioner futbolçu almaqdan növbəti dəfə vaz keçməyimiz təkcə bununla əlaqədar deyil. Amma tək biz yox, digər klublar da yaranan vəziyyəti nəzərə almalıdır. Gələcəkdə legioner almaq mümkündür.
- Ümumiyyətlə, 8 klubla çempionat keçirməyə sizin münasibətiniz necədir?
- AFFA çətin qərar qəbul etdi. Amma keyfiyyətli çempionat keçirmək üçün başqa klub yoxdursa, nə etmək olar? Fikrimcə, bu, müvəqqəti bir dövrdür. Bəzi təşkilatlar nəinki futbola, bütövlükdə idmana maliyyə yardımı göstərməkdən imtina edir. Yeni investorlar axtarmaq lazımdır. Bütövlükdə, bunu neqativ hal hesab edirəm. Ümid edirəm ki, bir neçə il sonra biz yenidən 10-12 klublu çempionat keçirə biləcəyik. Bəlkə də daha çox.
- Vaqif Cavadovu necə saxlaya bildiniz? Maaşını artırmaqla?
- Xeyr, artım olmadı. Vaqif normal maaş alır. O, "Sumqayıt"da ən çox qazanan futbolçulardan biridir. Hələ mart ayında artıq onu komandada saxlamamaq haqda düşünməyə başlamışdıq. Amma aprel və may aylarında yaxşı forma topladı, pis çıxış etmədi.
- Aleksandr Çertoqanov karyerasını başa vurmağı düşünür. Sizin yenə onu saxlamaq fikriniz yoxdur?
- Biz artıq sağollaşmııq, ona uğurlar arzulamışıq. O, bizə, biz də ona kömək etdik. Saşa böyük peşəkardır. Bəlkə yenə də oynaya bilər. Amma hazırda ailəsinin yanında olmaq istəyir. Gənclərə yol açmağın vaxtıdır.
- Rail Məlikovun "Sumqayıt"a keçəcəyi barədə xəbərlər doğrudur?
- Onunla danışıq aparırıq. Yaxın günlərdə hər şeyə aydınlıq gəlməlidir.
- Klubunuz transfer bazarında ən fəallardandır. Belə davam edəcəksiniz?
- İyunun 22-də yeni mövsümün hazırlığına başlayacağıq. İyulun 1-nə qədər heyəti komplektləşdirməyi düşünürük. O vaxta qədər daha 1-2 transfer edə bilərik. Yeni transferlərlə yanaşı, yeni adlar da gözləyin. Son mövsümdə Amil Yunanovdan çox az adam belə oyun gözləyərdi, onun milliyə qədər yüksələcəyini düşünərdi.
- Yeni mövsüm üçün hədəfiniz nə olacaq?
- Ən azından elitada qalmaq uğrunda mübarizə ilə kifayətlənmək istəmirik. Heyəti də buna uyğun qururuq. Dəqiq hədəflərimizə Türkiyə toplanışından sonra aydınlıq gələcək. Heyətin böyük hissəsini dəyişmişik. Samir Abasovun istəyinə uyğun heyət yığırıq. Əlbəttə, istədiyimiz bütün oyunçuları ala bilmədik. Cibimizə uyğun olmayan oyunçular da oldu.
