Məhəmməd Mirzəbəyov: Gürcüstanda da yaxşı sınaqçı rəqiblər var
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov komandasının toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Toplanışımız intensiv və yaxşı keçir. Paytaxdakı hazırlıq prosesi zamanı "Bakı" ilə iki yoxlama oyunu keçirdik (1:1, 3:0). Hər iki oyunda daha çox qol vura bilərdik. Heyətimizdə yeni futbolçular var. Fikrimcə, Gürcüstanda daha optimal heyətlə hazırlıq keçəcəyik. Burada da yaxşı komandalar var. Əsas odur ki, hər şey bizim istədiyimiz kimi alınsın.
Yeni transferlərdən Filip Ozobiç meydanı çox yaxşı görür, texnikalı oyunçudur. Onu çoxdan tanıyıram. Vaxtilə mən "Anji"də oynayanda o da Moskva "Spartak"ında idi. Bir-birimizə qarşı oynamışdıq və moskvalılar qalib gəlmişdilər. "Qəbələ"də görüşəndə həmin oyunu da yada saldıq".
