Amil Yunanov: Türkiyə belə oyunla çətin ki, qrupdan çıxa bilsin
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Fransada keçirilən Avropa çempionatında azarkeşlik etdiyi komandadan danışıb, favoritini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AÇ-ni maraqla izləyirəm. Bütün oyunlara baxmağa çalışıram. Aydın məsələdir ki, Türkiyə yığmasına azarkeşlik edirəm. Amma favorit olaraq Fransa, Almaniya və Portuqaliya yığmalarını qeyd edə bilərəm. İngiltərə yığması da pis komanda deyil. Futbolçulara gəlincə, təəssüf ki, bəyəndiyim Kərim Benzema AÇ-yə gətirilməyib. Jirunun, Ronaldonun oyununu izləyirəm.
Türkiyə yığmasına hamımız azarkeşlik edirik. Bu komanda mənə də doğmadır. Amma çox təəssüf ki, Xorvatiyaya qarşı keçirdiyi ilk oyunda məğlubiyyətlə üzləşdi. Zəif oynadılar. Türkiyənin belə oyunla qrupdan çıxacağına inanmıram. Amma istənilən halda sonadək onlara azarkeşlik edəcəyəm. İnanmaq istərdim ki, ikinci oyunda türklər arzulanan nəticəni qazanacaqlar və qrupdan çıxmaq şansları artacaq".
