Azarkeşlər tribunada polis görmək istəmir
"Kəpəz" fanatı olan gəncəli oxucumuz azerisport.az saytına müraciət edərək, bu komanda ilə bağlı bəzi təkliflərini dilə gətirib. O, klub rəhbərliyinin aşağıda göstərdiyi problemləri aradan qaldırmasını istəyir:
1. Stadion
Gəncə Şəhər Stadionunun hələ də tam təmir olunmaması və ya yeni stadionunun inşa edilməməsi biz azarkeşləri çox narahat edir. Stadionda işıqlandırma sistemi hələ də yoxdur. Sağolsunlar, ən azından oturacaqlar quraşdırıblar, ancaq işıqlandırma sisteminin olmaması oyunların günorta saatlarında oynanılmasına səbəb olur. Bu isə müxtəlif müəssisələrdə işləyən azarkeşlərimizin stadiona gəlməsini əngəlləyir. Həmçinin PFL də bu məsələni diqqətə almalıdır. Bəzən isə oyunları həftənin cümə gününə salırlar, səbəb olaraq isə deyirlər "CBC Sportsun xahişidir ki, oyunları canlı verə bilsinlər". Bölgələrdə futbola olan marağı dəstəkləmək lazımdır və buna uyğun oyun cədvəli tərtib olunmalıdır. Stadionda həmçinin hesab tablosunun olmaması başqa bir problemdir. Oyuna sonradan qoşulan azarkeşlər məcbur olub hesabı digər azarkeşlərdən soruşurlar.
2. Maliyyə
Komandanın hələ də sabit maliyyə dayaqlarının olmaması bizi narahat edir. Mövsümün ortasında isə komandada ümumiyyətlə hərc-mərclik yaranmışdı. Maaşlar verilmirdi və veriləcəyi vaxt da bilinmirdi. Oyunçular sağolsunlar ki, azarkeşlər üçün oynadılar, çünki bu şəhər futbolla nəfəs alır. Gəncədə olan müəssisələrə səslənmək istəyirik, komandaya sahib çıxın. Komanda uzun müddət Gəncə Şəhər İcra Hakimiyyəti və AFFA tərəfindən maliyyələşə bilməz.
3. Azarkeşlərlə iş
Komandada peşəkarlıq çox aşağı səviyyədədir. Misal olaraq, azarkeşlərlə işi qeyd etmək olar. Səfər matçları üçün azarkeşlərə avtobuslar təşkil edilmir. Aktiv fanklubların üzvləri onsuz da özləri avtostopla və digər vasitələrlə səfər matçlarına gedirlər. 2 həftə sonra isə Avroliqa matçı var. Bakıda keçiriləcək "ev" oyunu üçün çoxlu sayda avtobusun təşkili mütləqdir. Ümid edirik ən azından bu matç üçün avtobuslar təşkil olunar. Yeganə olaraq bəzi hallarda səfər matçları zamanı Bakının mərkəzindən müxtəlif stadionlara avtobus təşkil olunub.
4. Fan şop
Klubun heç bir atributunun satışda olmaması isə başqa bir problemdir. Məcbur olub fanklublar özləri atribut sifariş edib satışını təşkil edirlər. Forma, bayraq və digər atributlar isə hələ də satışda yoxdur. Nə qədər azarkeş avroliqa oyunu öncəsi biz fanklublardan forma istəyir, ancaq biz də təşkil etməkdə çətinlik çəkirik və ümumiyyətlə bu işi klubun özü görməlidir, çünki "Kəpəz" bir brenddir və bu brenddən komandanın xeyri üçün düzgün istifadə etmək lazımdır.
5. Polis
Tribunada polislərin olması barədə isə bütün klubların aktiv azarkeşləri həmfikirdilər. Azarkeşlər tribunada polis görmək istəmir. Tribunada azarkeşlərə polislər tərəfindən yersiz və mənasız göstərişlər verilir. Ən azından "Kəpəz" rəsmiləri polislərin rəisləri ilə müxtəlif məsələlərdə razılığa gəlib, azarkeşlərə sərbəstçilik verilməlidir.
Şamil Mustafayev
