Orxan Əliyev: Kəpəz üçün ilk rəqibin kim olmasının fərqi yoxdur, mərhələ adlamalıyıq
"Kəpəz"in yarımmüdafiəçisi Orxan Əliyevin azerisport.az saytına müsahibəsi
- Türkiyə toplanışı necə keçir?
- Hər şey əladır. Şərait, məşqlər yüksək səviyyədədir.
- "Kəpəz"in sıralarına qoşulan portuqaliyalı oyunçular barədə nə deyə bilərsiniz?
- Hələ toplanış yenicə başlayıb. Yeni gələnlərin özlərini göstərmələri üçün vaxtları olacaq.
- Mövsüm bitən kimi "Kəpəz"i xeyli futbolçu tərk etdi. Onlardan hansının gedişinə daha çox təəssüflənirsiniz?
- Bəli, komandadan gedənlər çox oldu. Amma xüsusi kimisə fərqləndirmək istəməzdim. Bu, mən tərəfdən düzgün addım olmaz. Hər bir futbolçu ilə yaxşı münasibətim var. Onların hamısının "Kəpəz"in avrokuboklara vəsiqə qazanmasında əməyi olmuşdu.
- Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq şansınız var?
- Futbol hər şey mümkündür. "Kəpəz"in Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması da realdır. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Ev oyunlarınızı Gəncədə yox, Bakıda keçirməli olacaqsınız...
- Harada oynamağımızın ciddi fərqi yoxdur. Əsas odur ki, oyunlarımıza çoxlu azarkeş gəlsin, bizi yaxşı dəstəkləsinlər.
- Yəqin ki, birinci təsnifat mərhələsində zəif rəqiblə qarşılaşmağınızı arzulayırsınız...
- Startda kimə qarşı oynamağımızın fərqi olmayacaq. Əsas hədəf mərhələ adlamaqdır.
- Klubla yeni müqavilə imzalamısınız. Başqa klublardan da təklif var idi?
- Bu komandada oynamaq mənə xoşdur. Başqa klublardan təkliflər olsa da, mən burada qalmaq istədim. Son mövsümü uğurlu keçirdik, avrokuboklarda oynayacağıq.
- "Sumqayıt"dan ayrılandan sonra özünüzü "Kəpəz"də tapdığınızı demək olar? Çünki "Xəzər Lənkəran"da heç nə ilə yadda qala bilmədiniz...
- Mən özümü itirməmişdim ki, tapam (gülür).
- Premyer Liqanın yeni mövsümünün 8 klubla keçirilməsinə münasibətiniz necədir?
- Bu, o qədər də yaxşı xəbər olmadı. Azərbaycan çempionatı üçün çox pis vəziyyətdir.
