Saşa Yunisoğlu: Premyer Liqada 8 klubun oynaması qərarı yanlışdır
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu AFFA İcraiyyə Komitəsinin Premyer Liqa ilə bağlı son qərarlarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Premyer Liqanın cəmi 8 klubla keçirilməsinə münasibətim yaxşı ola bilməz. Çünki elə komandalar var ki, elitada gənc futbolçulara şans verirdi, onların təcrübə qazanmasına şərait yaradırdı. "Rəvan" və "Xəzər Lənkəran" məhz belə klublardan idi. Amma indi bu klubları elitaya buraxmırlar".
Onun sözlərinə görə, bu qərarla xeyli futbolçu işsiz qalmalı olacaq: "Elitada cəmi 8 klubun oynaması təkcə gənclərin yolunu bağlamır, həm də 50-yə yaxın futbolçunun işsiz qalmasına səbəb olacaq. Hamı bilir ki, Azərbaycanda 1-ci divizionun səviyyəsi çox aşağıdır. Orada oynamaqla heç bir futbolçu inkişaf edə, elita klublarına çıxa bilməz. Amma görünür bu barədə heç kim düşünmək istəmir. Ona görə də Premyer Liqada 8 klubun oynamasına dair qərarı yanlış hesab edirəm".
Yunisoğlu "Rəvan"ın elitaya buraxılmamasına dair qərarın anlaşılmaz olduğunu iddia edir: "PFL-in "Rəvan"ı elitaya buraxmamasının səbəbini hələ də anlamıram. Ramin Musayev deyib ki, bu klubun əvvəlki futbolçularına borcu var. Düzdür, borc var. Guya birinci divizionda oynamaqla həmin borclar batıb gedəcək? "Bakı"da olduğu kimi, FİFA bu komandaya da sanksiyalar tətbiq edəcək. Ona görə mənə elə gəlir ki, "Rəvan"ın elitaya buraxılmamasında daha başqa və ciddi amillər var".
"Təəssüf ki, son mövsümdə çəkdiyimiz əziyyətlər hədər getdi. Çünki "Rəvan"ın rəsmi olaraq elitada qalması üçün əlimizdən gələn hər şeyi etmişdik".
