Kazbek Tuayev: Növbəti mövsümdə asan oyun olmayacaq
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Sizə elə gəlmir ki, Premyer Liqa üçün 8 klub çox azdı?
- Bu, müvəqqəti qərardır. Yalnız qarşıdakı mövsüm belə olacaq. Ondan sonrakı mövsümdə isə 12 klubun iştirakı nəzərdə tutulub. Birinci divizion klubları elitada oynamaq üçün bütün sənədlərini qaydasına salmalı idilər. Bundan əlavə, stadionları hazır olmalı idi.
- Amma 8 klubdan başqa heç kim lisenziyalaşdırmanı həyata keçirə bilmədi.
- Elədir. İdman prinsiplərini bir dəfə pozmaq olar, hər dəfə yox. Premyer Liqaya baxın - "Neftçi" altıncı yeri tutduğu halda, avrokuboklarda oynayacaq. Bu, vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. İK-da altı kluba yeni mövsümdən elitaya hazırlaşmağı tapşırdıq. Ümid edirəm ki, növbəti mövsümdən daha güclü çempionat görəcəyik.
- Belə çıxır ki, qarşıdakı mövsümdə elitanı tərk edən olmayacaq...
- Bir daha qeyd edirəm ki, bu, müvəqqəti qərardır.
- Sizə elə gəlmir ki, 28 tur klublar üçün azdır?
- Razıyam, azdır. Amma məşq xarakterli oyunlar, yoxlama görüşləri də olacaq. Üstəlik, qış turniri də keçirmək lazımdır. Düşünürəm ki, Ələkbər Məmmədovla Anatoli Banişevskinin xatirəsinə də turnirlər keçirmək lazımdır. Fikrimcə, 8 klubun 4 dövrəlik mübarizəsində yaxşı "razborka" olacaq. Asan oyunlar olmayacaq. Əvvəllər var idi, amma indi onlar barədə danışmaq istəmirəm.
AÇ-ni izləyirsiniz?
- Təkcə AÇ-ni yox, Amerika Kubokunu da izləyirəm. Belə çıxır ki, hazırda bütün dünya futbol oynayır. AÇ-2016-da isə Uels və Xorvatiya yığmalarının oyunu hələ ki, daha çox xoşuma gəlib.
- Fransada azarkeşlər arasındakı qanlı qarşıdurmalara münasibətiniz necədi?
- Fanat futbolun bir hissəsidir. Dünyada onsuz da çoxlu müharibələr, döyüşlər var. Təəssüf ki, bu, futbola da keçir. Bundan da heç kim sığortalanmayıb.
