Rövnəq Abdullayev: Bizim 2017/18 mövsümü ilə bağlı xüsusi planımız var
AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Birinci divizion klublarından heç kim lisenziya ala bilmədi. Heç bir klub bizə bank zəmanətini təqdim etməyi bacarmadı".
Abdullayev "Rəvan"la "Xəzər Lənkəran"ın elitada saxlanılmasına dair suala belə cavab verib: "Onların çoxlu borcu var. Buna görə də Premyer Liqada qalmaları mümkünsüzdür. Onları çempionata buraxsaq, AFFA-nın özü diskvalifikasiya ilə üzləşə bilər. Məhz belə problemlərdən qaçmaq üçün Premyer Liqanı 8 klubla keçirməyə qərar verdik".
AFFA rəhbərinin sözlərinə görə, onların 2017/18 mövsümü ilə bağlı xüsusi planları var: "Birinci divizionun dörd klubunu Premyer Liqaya hazırlamalıyıq. "Zaqatala" və İmişli "Araz"ı ilə bağlı ciddi planlar var. Yeni mövsümdən birinci divizionda "Səbayel" klubu debüt edəcək. AFFA rəsmiləri də birinci divizionun dörd klubunu xüsisi izləyəcəklər".
Abdullayevin sözlərinə görə, bütün klublar Müşahidə Şurası yaratmalıdırlar: "Əvvəllər hər klub ayrı-ayrı biznesmenlərin sayəsində fəaliyyət göstərirdi. Amma Müşahidə Şurası yaratmaq lazımdr. Məsələn, "Kəpəz", "Sumqayıt" və "Neftçi" bir adamdan asılı klub deyil".
O, legionerlərə görə ödənilən üzvlük haqqının da azaldıldığını bildirib: "Bundan sonra legionerlərə görə üzvlük haqqı 5000 manat olacaq. Milliləşirilmiş legionerlərə görə üzvlük haqqı tələb olunmur. Eyni zamanda cərimələri də 20 faiz azaltdıq".
AFFA və SOCAR-ın prezidenti rəhbərlik etdiyi şirkətin AÇ-2016-ya sponsorluğundan da danışıb: "AÇ-yə sponsorluq etmək asan olmadı. Bu, ticari gedişdir. Məhz bu sponsorluqdan sonra SOCAR-ın Gürcüstan, Rumıniya və İsveçrədəki satışları artıb".
