Murad Xaçayev: Ukrayna yığmasından dəvət alsam belə, yenə Azərbaycanı seçərəm
Azərbaycanın U-19 yığmasının yarımmüdafiəçisi Murad Xaçayevin azerisport.az saytına müsahibəsi
- Belarusla ilk yoxlama oyununda 1:4 hesabıyla uduzduğunuz halda, ikinci görüşdə 2:1 hesablı qələbə qazandınız. Bu matçı necə şərh edərdin?
- Biz bu dəfə daha aqressiv oynadıq. Daha çox hücum etdik, qol vəziyyəti yaratdıq. Demək olar ki, belaruslulara şans vermədik. Bunun da sayəsində qələbə qazandıq.
- Qələbə sənin dublun sayəsində mümkün oldu...
- İşim komandama kömək etmək, qol vurmaqdır. Birinci qolu cərimə zərbəsindən vurdum. İkincini isə dəqiq vurulmayan penalti epizodundan təkrar zərbə ilə. Əvvəlki görüşdən fərqli, bu dəfə daha sakit və çalışqan idim.
- İlk oyunda da yeganə qolumuzu sən vurmuşdun...
- Həmin oyunda bəxtimiz gətirmədi. Penaltidən yararlana bilmədik, çoxlu qol vəziyyətini boşa verdik. Fasilədən sonra Belarus yığması bütün heyətlə müdafiə olunurdu. Bizə onların müdafiəsini yarmaq çətin idi. Rəqibin oyunu xoşuma gəldi.
- Yığmada mütəmadi qollar vurduğunu nəzərə alsaq, baş məşqçi Nazim Süleymanovun etimadını qazandığını demək olar?
- Məni meydana buraxırsa, deməli, güvənir. Mən də onun etimadını doğrultmağa çalışıram. Nazim Süleymanov məndən üzərimdə daha çox işləməyi, artırmağı tələb edir.
- Azarkeşlərimizə ölkəmizdən kənarda çıxış edən milli üzvləri həmişə maraqlı gəlir. Məsələn, sən Azərbaycan dilini bilirsən?
- Azəraycanlıyam. Anam da azərbaycanlıdır. Danışılanları başa düşsəm də, etiraf edim ki, Azərbaycan dilində danışmaqda çətinlik çəkirəm (gülür).
- Azərbaycan futbolu o qədər də güclü deyil. Seçiminə görə təəssüflənmirsən?
- Azərbaycan yığmasını zəif adlandırmazdım. Yaxşı komandamız var. Seçimimə görə də təəssüflənmirəm. Komandamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.
- Donetsk "Şaxtyor"unun yetirməsi olduğunu nəzərə alsaq, səni Ukrayna yığmasına da dəvət edə bilərlər. Belə seçim qarşısında qalsan, qərarın necə olacaq?
- Məni Ukrayna yığmasına dəvət etsələr də, Azərbaycanı seçəcəyəm.
- Bəs klub baxımından? Hansısa komandamızda oynamağı istərdin?
- Heç bir klubdan konkret təklif almamışam. Ona görə bu barədə heç danışmağa da dəyməz.
- U-19 seçmə mərhələdə Avstriya, Litva və Bosniya-Herseqovina ilə qarşılaşacaq. Bu qrupdan çıxmağımız realdır?
- Bu komandaların heç biri barədə məlumatım yoxdur. Amma istənilən halda biz hər oyuna qələbə üçün çıxacağıq. Çünki növbəti mərhələyə adlamaq istəyirik.
