Millimizin üzvü Almaniyada özünə yeni klub tapdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın yeni klubunun adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Almaniya regional liqasında çıxış edən “Fortuna” (Düsseldorf) ilə müqaviləsinin müddəti başa çatan millimizin üzvü bu komandadan ayrılıb.
O, karyerasını Almaniyanın digər klubunda - "Duysburq"da davam etdirəcək. Bu barədə xəbəri sözügedən klubun rəsmi saytı yayıb. Müqaviləyə əsasən, 23 yaşlı futbolçu qarşıdakı 2 il ərzində "zebralar"ın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, "Duysburq" son mövsümdə 2-ci Bundesliqada çıxış etsə də, 18 klub arasında 16-cı yeri tutduğundan, 3-cü Bundesliqadan gələn 3-cü yerin sahibi "Vyursburger Kikkers"lə pley-off oyunlarında qarşılaşmalı olub. Lakin iki oyunun nəticəsinə görə məğlub olan (1:2, 0:2) Eratın yeni klubu 2-ci Bundesliqanı tərk edərək, 3-cü Bundesliqaya düşüb. Komandanın baş məşqçisi bolqarıstanlı mütəxəssis İliya Qruyevdir.
