Almaniya klubunda oynayan qapıçımız milliyə dəvət gözləyir
Almaniyanın "Vandsbeker Konkordiya" klubunun qapıçısı Kənan Səfərov komandasının Hamburq Oberliqasındakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Böyük ehtimalla, "Konkordiya"da qalacağam. Amma ikinci Bundesliqa klubu "İnqolştadt"dan da təklif var. Onlar mənimlə maraqlanırlar. Necə olacaq, zaman göstrəcək".
20 yaşlı Səfərov Azərbaycan yığmalarına dəvət almamasına da münasibət bildirib: "Niyə dəvət etmədiklərini bilmirəm. Mənim özümə də maraqlıdır. Vaxtilə Arif Əsədovun dövründə U-19-da oynamışam. Ola bilər ki, U-21-ə də dəvət alım. Fikrimcə, əlaqə saxlasaydılar, məni də dəvət edə bilərdilər. Özümü yığmada oynamağa hazır hiss edirəm. Əsas millinin baş məşqçisi Robert Prosineçkiyə gəlincə, onun haqqımda nəsə eşitdiyi inandırıcı deyil. Ümid edirəm ki, Almaniyada oynayan bir azərbaycanlı kimi mənə də yığmada oynamaq şansı yaradarlar".
Qeyd edək ki, "Konkordiya" 2015/16 mövsümündə 18 komanda arasında 11-ci yeri tutub. Səfərov isə 34 oyundan 23-də meydanda olub və 43 top buraxıb.
