Klublar Komitəsinə soyuq münasibət
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilir. Azerisport.az xəbər verir ki, bu dəfəki iclas heç də xoş olmayan mənzərələri ilə diqqət çəkib.
Belə ki, bu iclasın iştirakçıları əvvəlkilərlə müqayisədə xeyli fərqlənirdi. Əvvəlki iclarda klublar daha yüksək çinli rəsmiləri ilə təmsil olunurdular. Bu dəfə isə vəziyyət fərqliydi. Məsələn, "Neftçi"ni həmişə bu iclaslarda təmsil edən klubun direktoru Elnur Məmmədovu bu dəfə Mübariz Xudiyev əvəzləmişdi.
"Xəzər Lənkəran"ın ənənəvi təmsilçisi Tuyqun Nadirov da bu dəfə özü gəlməmiş, menecer Ramil Cahangirovu tədbirə yollamışdı. "Qarabağ"ı klubun meneceri Asif Məmmədov təmsil edir. Amma o, əvvəllər də bir neçə dəfə KK-nın iclaslarına qatılıb.
Premyer Liqanın növbəti mövsümündən imtina edən "Rəvan"ı yenə vitse-prezident İlqar Axundov təmsil edir. Amma nəzərə almaq lazımdır ki, bu klubu təmsil edəcək onsuz da başqa bir rəsmi yoxdur.
Bu azmış kimi, "Qarabağ" və "Rəvan" rəsmiləri tədbirə gec qoşuldular. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Zirə"nin vitse-prezidenti Vüqar Astanov isə təxminən 40 dəqiqə sonra iclasa qatıldılar.
Digər klublara gəlincə, "İnter"i prezident Rəşad Qasımov, "Sumqayıt"ı Kamran Quliyev, "Kəpəz"i Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu təmsil edir. AZAL-dan da məlum səbəblərdən vitse-prezident Fikrət Axundov tədbirdə iştirak edirdi. Axı o, KK-nın hazırkı sədridir.
KK-nın təxminən yarısının ənənəvi heyətlə iclasa qatılmadığını nəzərə alsaq, demək olar ki, bu komitə öz aktuallığını itirməyə başlayıb. Həm də iclasın gündəliyinə çıxarılan məsələlər də böyük maraq doğurmur. Komitə geridə qalan mövsümə yekun vurmalıdır. Daha bir məsələ isə legionerlərə qoyulan limit və üzvlük haqqının müzakirəsidir. Hansı ki, bu barədə KK-nın istəyi bir müddət öncə AFFA İcraiyyə Komitəsi tərəfindən nəzərə alınmamışdı. Bu dəfə də onların hansısa təklifinin nəzərə alınması inandırıcı görünmür.
Sonda onu da qeyd edək ki, bu iclas böyük ehtimalla "Rəvan" və "Xəzər Lənkəran" üçün sonuncu olacaq. Bu iki klub növbəti mövsümdən elitada olmayacaq.
