Neftçi ancaq legioner alacaq
"Neftçi" növbəti mövsüm heyətini gücləndirmək üçün fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, paytxaxt klubu ilk növbədə legionerlərdən ikisini heyətdə saxlamağa qərar verib.
Söhbət Aylton və Jayrodan gedir. Onlarla müqavilənin müddəti bitsə də, paytaxt klubu hər iki oyunçu ilə yeni anlaşmaya razılaşıb. Futbolçular "Neftçi"də qalmağın əleyhinə olmayıblar.
Əvəzində Erik Ramosun ardınca, Anyete də komandadan ayrılıb. Daha bir legioner - Xuan Alberto Melli ilə bağlı vəziyyətə tam aydınlıq gəlməyib. Böyük ehtimalla ispaniyalı futbolçu komandada qalacaq.
Klub rəhbərliyi hücumçu Ruslan Qurbanovu da komandada saxlamaq istəyir. Forvardla müqavilənin müddəti başa çatıb. Uğurlu mövsüm keçirən hücumçunun digər klublara getməməsi üçün maaşında da artım gözlənilir.
Müqaviləsi olan futbolçular arasında isə Məhəmməd Qurbanovun komandanı tərk etmək ehtimalı var. Məsələ burasındadır ki, baş məşqçi Vəli Qasımov onun xidmətində maraqlı deyil. Bu futbolçunu "Sumqayıt" heyətinə qatmaq istəyir. Amma onun bu kluba icarə əsasında və ya tam hüquqlu transfer kimi keçəcəyi bəlli deyil.
Çilili hücumçu Nikolas Kanaleslə anlaşmanın müddəti bitib. Amma klub rəhbərliyi ona da yeni müqavilə təklif etməyə hazırlaşır.
"Neftçi" yeni oyunçu axtarışına da çıxıb. Komandaya cəlb olunacaq futbolçuların hamısı legioner olacaq. Paytaxt klubunda bütövlükdə, altı legioner oynayacaq. Klub rəhbərliyi onların sayını artırmaq fikrində deyil.
