Georgi Lomaya: Əvvəllər Azərbaycan futbolu daha güclü idi
"İnter"lə yollarını ayıran gürcü qapıçı Georgi Lomayanın azerisport.az saytına müsahibəsi
- "İnter"dən niyə ayrıldınız?
- Yeni müqavilə ilə bağlı fikir ayrılığı oldu. Məsələ heç də maliyyədə deyil. Belə vəziyyətdə getmək daha yaxşı idi. Hər kəsə uğurlar arzulayıram, bu neçə ildə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Klub əməkdaşlarına, azarkeşlərimizə minnətdaram. "İnter"də 7 il keçirdim və bu klub daim ürəyimdə qalacaq. Həmişə bu klubu dəstəkləyəcəyəm.
- Karyeranızı bitirmək fikriniz yoxdur?
- Xeyr. Hələ oynamağa gücüm var. Yeni klubum Gürcüstan komandası olacaq. Yaxın günlərdə adını da biləcəksiniz.
- Azərbaycandakı yeddi ili karyeranızın ən yaxşı dövrü saymaq olar?
- Sənə hörmət olunan yerdə yaxşı olmağa bilməz. "İnter"də də məhz belə idi. Karyreramda ən yaxşı mərhələ oldu. Ümid edirəm ki, məni də həmişə ancaq yaxşı məqamlarla xatırlayacaqlar. Mən də sağollaşmıram, görüşənədək deyirəm (gülür).
- Son illər Azərbaycandakı gürcü futbolçuların sayı azalır. Sizə daha az güvənməyə başlayıblar, ya maliyyə şərtləri qane etmir?
- Bu barədə heç nə deyə bilmərəm. Bircə onu bilirəm ki, "İnter"də çalışdığım insanlar futbolu inkişaf etdirmək üçün əllərindən gələni edirdilər. Nə qədər bizi sevmirdilərsə, bir o qədər güclü olurduq.
- Niyə sevmirdilər ki?
- Bizi sevməyənlərdən soruşun. Yəqin ki, "İnter"in yaxşı vəziyyətdə olması onlara xoş gəlmirdi.
- Bəs elitadakı klubların sayının azalması barədə nə deyə bilərsiniz?
- Böhran Azərbaycan futboluna zərbə vurdu. Əvvəllər çempionat daha güclü idi. Futbol xeyli yaxşı insanı itirdi. Şadam ki, "İnter" bu çətin dövrdə yaşaya bildi. Amma Azərbaycan futbolundakı bu tendensiya müvəqqətidir. Çünki ölkənizdə futbolu daha da inkişaf etdirmək üçün çoxlu resurs var.
- Amma elitada oynatmağa səkkiz klubdan artığını tapmaq olmur...
- Razıyam ki, bu, xoş hal deyil. Belə bir ölkə üçün səkkiz klub çox azdır.
