Kamran Ağayev: Türkiyə Super Liqasında oynamaq variantım var
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- Təsadüfən Avropa çempionatını izləmək üçün Fransaya getməyə hazırlaşmırsınız?
- Yox, ölkə ərazisində istirahət edəcəyəm. Həm də gələcək taleyimə aydınlıq gətirməliyəm.
- "İnter" Səlahət Ağayevi qaytaran kimi, siz bu klubdan getdiniz. Niyə?
- Biz öncədən yarım illik əməkdaşlıq edəcəyimizlə bağlı razılığa gəlmişdik.
- Mətbuatda "Neftçi"yə keçəcəyiniz deyilir...
- İnanmayın. Mənimlə bu mövzuda heç söhbət edən də olmayıb.
- Elə isə sizi hansı klubda görəcəyik?
- Hər şey yaxşı olsa, ölkə xaricinə yollanacağam.
- Yenə də Türkiyə birinci liqasına?
- Niyə birinci liqa? Mənim Türkiyə Super Liqasında da oynamaq variantım var. Alınmasa, o zaman birinci liqada da oynayaram.
- Azərbaycanda oynamaq istəmirsiniz?
- Hər şey ola bilər. Yerli klublardan da hansınasa keçə bilərəm. Hazırda istirahətdə olsam da, yenə məşq edirəm, formamı qorumağa çalışıram.
- Avstriyada az məşq etdiniz ki?
- (gülür) Toplanış yaxşı keçdi. Növbəti seçmə mərhələ öncəsi əsas hazırlıq prosesini geridə qoyduq. Robert Prosineçki çoxlu oyunçunu sınaadı. Təəssüf ki, yoxlama görüşlərində qələbə qazana bilmədik. Ümid edirəm ki, yeni seçmə mərhələdə qələbə qazana biləcəyik.
- Xorvatiya San Marinoya 10 cavabsız qol vurdusa, biz neçəsini vura bilərik?
- Həmin oyuna baxmamışam. Amma nəticə barədə eşitmişdim. Onların xorvatlara 10 qolla uduzması hələ heç nədən xəbər vermir.
- Avstriyadakı oyunlardan yalnız birində meydanda oldunuz...
- Kanadaya qarşı oynadım. Qərarları Robert Prosineçki qəbul edir. Öncədən də demişdi ki, hər oyunda bir qapıçıya güvənəcək. Anar Nəzirovla Səlahət Ağayev də yaxşı qapıçıdır. Yaxşı rəqabət var. Millidə qapıçı baxımından problem yoxdur.
