Saşa Yunisoğlu: Azərbaycandan başqa hər yerdə hamı futbolla yaşayır
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlunun azerisport.az saytına müsahibəsi
- Son mövsümü komandanız üçün necə dəyərləndirərdiniz?
- Bəhmən Həsənovla mənim komandaya gəlişim eyni vaxta təsadüf etdi. O vaxt komanda 2 xalla sonuncu pillədə idi. Qarşımıza da elitada qalmaq tapşırığı qoyulmuşdu. Yanvarda FİFA hesabımızdan 6 xalı sildirəndə heç kim bizim Premyer Liqada qalmağı bacaracağımıza inanmırdı. Amma sonda daha 24 xal toplaya və elitada qala bildik. Rəsmi götürsək, biz Premyer Liqadakı yerimizi qoruduq. Ona görə də geridə qalan mövsümü həm özüm, həm də komandam üçün uğurlu sayıram.
- Amma "Rəvan" növbəti mövsümə buraxılan klubların siyahısında yer almır...
- Yanvardan bəri deyirdilər ki, bu mövsüm elitanı heç bir klub tərk etməyəcək. Amma hər şey fərqli oldu. Hətta eşitmişdim ki, birinci diviziondan da iki komandanı Premyer Liqaya gətirmək istəyirlər və 12 komandalı çempionat keçiriləcək. Lakin hazırda elitada oynaya biləcək cəmi 8 klub qalıb. Şəxsən mən 8 komandalı çempionatın əleyhinəyəm. Premyer Liqada daha çox komanda çıxış etməlidir.
- Sizin xəbəriniz var ki, "Rəvan" heç lisenziya üçün AFFA-ya müraciət də etməyib?
- Müraciət etməyiblərsə, deməli, bunun nəsə ciddi səbəbi var. Amma bildiyimə görə, klubumuz növbəti mövsüm elitada oynamaqda maraqlıdır. Qalan hər şey artıq rəhbərliyin işidir və onlardan xəbərsizəm.
- Komandada qalmağı düşünürsünüz?
- İyunun 20-nə qədər istirahət veriblər. Hər şeyə ondan sonra aydınlıq gələcək. "Rəvan" elitada qalsa, xidmətimdə maraqlı olsa, qalacağam. Çünki geridə qalan mövsümdə klub rəhbərliyi və məşqçilər korpusu məni çox dəstəklədi.
- Başqa kluba keçmək variantı yoxdur?
- Hələ istirahət edirəm və bu barədə düşünmürəm. Təkliflər olsa da, konkret heç nə yoxdur. Ona görə heç ad çəkmək də istəmirəm.
- Yığmamızın Avstriya toplanışını izləyirdiniz?
- Andorra ilə oyunda baş məşqçi ikinci heyətə şans vermişdi. Əsas komandaya dəvət alan bütün futbolçular milli üzvü hesab olunurlar və bu ada uyğun oynamalıdırlar. Təəssüf ki, Andorra ilə oyunda bunu görmədim. Elə həmin oyun zamanı anladım ki, millidə əsas və ikinci heyət var. İnanıram ki, komandamız daha da artıracaq və növbəti seçmə mərhələdə uğurlu çıxış edəcək. Onlara uğurlar arzulayıram.
- Yığmamız sizin dövrünüzdə güclü idi, ya indi?
- Mən yığmada oynadığım dövrdə Andorraya səfərdə qalib gəlmişdik.
- Polşa və Türkiyədə legioner həyatı yaşamısınız. Yenidən xaricə getmək fikriniz yoxdur?
- Artıq yox. 30 yaşım var. Qoy gənclər getsinlər. Legioner olanda özünü əsl futbolçu kimi hiss edirsən. Azərbaycanda belə deyil. Çünki Azərbaycandan başqa hər yerdə hamı futbolla yaşayır. Stadionlara gedirlər, komandalarını dəstəkləyirlər. Təkcə elə buna görə legioner olmağa dəyər.
- Əvvəllər Azərbaycanda maliyyə şərtləri yaxşı olduğu üçün heç kim kənara çıxmaq istəmirdi. Amma indi o da yoxdur...
- Dünya reytinqində Azərbaycan çox geridədir. Legioner dəvət edəndə, ölkənin reytinqinə baxırlar. Bizimkilərə ancaq Türkiyə klubları maraq göstərir. Bu da bizim orada legioner sayılmamağımızdan qaynaqlanırdı. İndi isə orada da legioner sayılırıq deyə, təkliflər yoxdur.
