Neftçinin futbolçusu: Latviya klubuna qayıtmaq istəmirəm
"Neftçi"nin yarımmüdafiəçisi Orxan Qurbanlı gənclərdən ibarət yığmamızın heyətində Sloveniyada keçirdikləri təlim-məşq toplanışından, eləcə də gələcək planlarından söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sloveniya toplanışı çox yaxşı keçdi. Biz maraqlı və ağır oyunlar keçirdik. Rəqiblərimizə qarşı layiqli mübarizə apardıq. Mən də özümü yaxşı tərəfdən göstərməyə çalışdım.
Karyerama gəlincə, "Dauqavpils"ə qayıtmaq istəmirəm. Başqa variantlar var. Görək, necə olacaq. Latviya klubuna qayıtmaq istəməməyim bu komandanın zəif olmasından irəli gəlir. Klub qayıtmağımı istəsə də, özüm bunu istəmirəm. Amma təbii ki, Latviyada oynadığıma görə təəssüflənmirəm. Orada bir qədər oynadım, təcrübə topladım, U-21-ə dəvət aldım. Hələ "Neftçi"də qalıb-qalmayacağımı dəqiq bilmirəm. Bir qədər səbr etmək lazımdır".
