Elxan Abdullayev: Onlar bizə necə qol vurmaq mümkün olduğunu göstərdilər
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- Məşqçilər korpusu yığmamızın Avstriya toplanışından nə dərəcədə razı qaldı?
- AFFA bu toplanış üçün yaxşı şərait yaratmışdı. Sərəncamımızda yaxşı otel, yaxşı məşq meydançaları var idi. Bizim üçün də vacib olan odur ki, futbolçular özlərini komfortda hiss etsinlər. Bu mənada təbii ki, hər şeydən razı qaldıq.
- Bəs toplanış millimizə nə verdi?
- İlk növbədə onu qeyd edim ki, yoxlama oyunlarının nəticəsi mənim üçün əhəmiyyət daşımır. Biz futbolçuları belə toplanışlarda yoxlamayıb, nə vaxt sınaqdan keçirəcəyik? Əsas heyət üzvlərindən heç kim zədədən sığortalanmayıb. Elə buna görə də bizə belə hallarda yığmaya kimləri dəvət etmək lazım olduğunu öyrənmək lazım idi. Avstriya toplanışında həm mənfi, həm də müsbət məqamların şahidi olduq. Bunun üzərində də çalışacağıq. Bütövlükdə, görülən işdən razı qaldıq.
- Yoxlama oyunları barədə nə deyərdiniz?
- Andorra ilə matçda "Qarabağ" və "Neftçi"nin futbolçuları yox idi. Toplanışda cəmi 15 futbolçu iştirak edirdi. Bütövlükdə, milliyə dəvət alan hər bir futbolçu oynamaq şansı qazandı. Çünki seçmə mərhələ öncəsi son toplanışımız idi. Növbəti dəfə avqustun sonunda, San Marino ilə oyun üçün bir araya gələcəyik.
- Bu heyətin San Marino ilə oyunda da düşərgədə olacağını gözləmək olar?
- Seçim imkanımız elə də böyük deyil. Amma bu, heç də o demək deyil ki, yığmaya ancaq Avstriyaya aparılanlar dəvət olunacaq. Kimlərinsə heyətdən çıxarılması və ya başqalarının dəvət alması mümkündür.
- Üç oyuna cəmi iki qol, onu da penaltidən vurmaq narahatlıq yaratmır?
- Penalti də oyunun nəticəsidir. Onu heç vaxt elə-belə yerə təyin etmirlər. Komandamız qol vəziyyəti yaradıb, rəqib qol vurulmasının qarşısını kobudluqla alıb. Amma təbii ki, qol vəziyyətlərindən yararlanmaqla bağlı problemlər var. Beş qol epizodunun beşini də dəyərləndirə biləcək təcrübəli hücumçumuz yoxdur.
- Bəs bu problemi necə yoluna qoymağı düşünürsünüz?
- Biz yığmaya klubunda qol vura bilən hücumçuları dəvət edəcəyik. Kim qol vurursa, o da yığmaya dəvət alır. Bu dəfə Rauf Əliyevi zədəli olduğuna görə milliyə çağırmadıq. Yaxşı hücumçudur. Daim diqqətimiz üzərindədir.
- Xorvatiya yığmasına 10 cavabsız qolla uduzan San Marinoya üç ay sonra biz neçə qol vura bilərik?
- Bu, bizim üçün göstərici deyil. Özümüzü xorvatlarla, onların hücum potensialı ilə müqayisə etməməliyik. Onların top-komandası var. Amma onlar bu komandaya necə qol vurmaq mümkün olduğunu göstərdilər. Məşqçilər korpusu bu oyunu izləyib. Amma rəqibə bir oyuna görə qiymət vermək olmaz.
