Tyaqo: Yenidən Azərbaycan yığmasına qayıtmağa hazıram
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Tyaq Miltinyonun millimizin baş məşqçisi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Miltinyonun təyinatını eşidəndə sevindim. O, əla mütəxəssisdir və Azərbaycan futzalına çox şey verə bilər. Onunla 2002-ci ildə "Minas"da birgə çalışmışıq. Onun necə yaxşı məşqçi və psixoloq olduğuna gözəl bilirəm. Buna görə də əminliklə deyirəm ki, Azərbaycan yığmasına kömək edə, uğur qazandıra biləcək. Sadəcə, yerli futzala nə dərəcədə bələd olduğunu bilmirəm.
Əlbəttə, mən özüm Azərbaycan yığmasına qayıtmağı çox istərdim. Yeni baş məşqçi məni yaxşı tanıyır və nəyə qadir olduğumu bilir. İstəsə, mən Azərbaycan yığmasına qayıtmağıma ancaq sevinərəm. Azərbaycan yığmasının formasını yenidən geyməyə hazıram. Amma hər şey məndən asılı deyil".
