Aslan Kərimov: Reytinq ölkə futbolunun göstəricisi sayılmamalıdır
Azərbaycan yığmasının keçmiş kapitanı Aslan Kərimovun azerisport.az saytına müsahibəsi
- Yığmamızın Avstriyadakı 10 günlük toplanışını necə qiymətləndirərdiniz?
- Mənə elə gəlir ki, məşqçilər korpusu üçün vacib olan taktiki gedişləri sınaqdan keçirmək yox, oyunçuların hansı vəziyyətdə olduğuna baxmaq idi. Bilmək istəyirdilər ki, seçmə mərhələyə hansı futbolçularla başlamaq olar. Hətta Kanada ilə son oyunda da bunu görmək mümkün idi. Çətin ki, seçmə mərhələdəki ilk oyunumuzda - San Marino ilə görüşdə Kanada ilə görüşdəki start heyətini görək.
- İlyarımdır ölkəmizdə olan Robert Prosineçki hələ də hansı futbolçunun nəyə qadir olduğunu bilmir?
- Prosineçki komandamıza AÇ-2016-nın seçmə mərhələsinin qızğın vaxtında təyin olundu. Ona görə də mümkün eksperimentlər etməyə vaxtı yox idi. Hətta yoxlama oyunlarında da belə imkanı olmurdu. Çünki azarkeşlərimiz çox tələbkardırlar. İndi isə onun qarşısında əsas tələb DÇ-2018-in seçmə mərhələsinə yaxşı komanda formalaşdırmaqdır.
- Deməli, tənqidlərə rəğmən, son oyunlardakı nəticə onun üçün önəm daşımırdı?
- Əminəm ki, yoxlama oyunlarının nəticəsi onun üçün heç bir önəm kəsb etmirdi. Bu toplanışa kifayət qədər çoxlu gənc futbolçu dəvət olunmuşdu. O da bu gəncləri iş başında görmək istəyirdi. Prosineçki bu yoxlama oyunlarında nəticə üçün çalışa bilərdi. Amma seçmə mərhələ zamanı biz istədiyimiz ala bilməzdik.
- Seçmə mərhələdə də bu toplanışa dəvət alan futbolçuları görəcəyik?
- Sentyabrda bu oyunçuların hamısını görməyə bilərik. Amma baş məşqçinin seçim imkanı da böyük deyil.
- Yığmamızın ən optimal heyətlə Makedoniyaya uduzmasına necə qiymət vermək olar?
- Həmin oyunun ikinci hissəsində komandamız toplanış ərzində ən yaxşı oyununu sərgilədi. Amma həmin heyət də yorğun idi. Buna görə də Kanada ilə görüşdə artıq həmin heyəti görə bilmədik. Ona görə də Makedoniyaya məğlubiyyət heç nədən xəbər vermir.
- Amma millimizin FİFA reytinqindəki mövqeyi pisləşir...
- Bu, bizə nə verir ki? Ola bilər ki, püşkatma zamanı hansısa önəm kəsb etsin. Amma bu reytinq siyahısı futbolun əsl səviyyəsinin göstəricisi deyil. Sən Sloveniya kimi bir oyunda Almaniyaya qalib gələ bilərsən. Amma bu, Sloveniya futbolunun Almaniya futbolundan üstün olduğunu göstərmir. Ola bilər ki, reytinq kimin üçünsə vacibdir, amma mənim üçün önəm daşımır.
- Bəs üç oyuna cəmi iki qol, onu da penaltidən vurmağımız narahatlığa əsas verirmi?
- Narahat olmağa dəyər. Amma bu problem təkcə bizim futbolda deyil. Yığmamızda qoleador yoxdur. Ruslan Qurbanovla Ağabala Ramazanovdan yaxşı hücumçumuz yoxdur. Amma onlar da qol vura bilmirlər. Rauf Əliyevin tam bərpası üçün zamana ehtiyac var. Mahir Mədətovla Amil Yunanovun artırması lazımdır. Ciddi problemdir.
