Ağabala Ramazanov: Baş məşqçiyə minnətdaram ki, hər oyunda mənə şans verdi
Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanov Avstriya toplanışı çərçivəsində Kanadaya qarşı keçirilmiş yoxlama oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyundan bir gün öncə Kanada yığmasının oyununa baxmışdıq və onların necə oynadıqlarını görmüşdük. Rəqib futbolçular yaxşı çempionatlarda çıxış edirlər. Güclü rəqibə qarşı mübarizə aparırdıq. Fikrimcə, layiqli oynadıq və nəticə qazandıq.
- Anorra və Makedoniya ilə oyunlardan sonra komandada atmosfer necə idi?
- Həmin oyunlardan sonra təzyiq hiss olunurdu. Baxmayaraq ki, bu oyunların hamısı yoxlama xarakterli idi. Amma Kanada ilə göüşdə tamamilə fərqli yığma gördük.
- Qazandığınız penaltini nə əcəb özünüz yerinə yetirmədiniz?
- Şadam ki, məğlubiyyətdən qaçmağımızda vacib rol oynadım. Sualınıza gəlincə, penaltini kimin vuracağına oyundan öncə qərar verilir. Bu siyahıda da Dmitri Nazarovla Əfran İsmayılovun adı yer almışdı. Şəxsən mənim üçün penaltini kimin yerinə yetirməsinin fərqi yoxdur. Əsas odur ki, onu reallaşdırdıq.
- Bu toplanışdan sonra yığmamızı qarşıdakı seçmə mərhələyə hazır saymaq olar?
- Toplanış çox yaxşı alındı. Bu məşqlər və matçlar bizə lazım idi. Ümid edirəm ki, seçmə mərhələdə layiqli mübarizə aparan, yaxşı oyun sərgiləyən Azərbaycan yığması görəcəksiniz.
- Səhv etmiriksə, siz Robert Prosineçkinin hər üç oyunda meydana buraxdığı yeganə oyunçu oldunuz. Deməli, xorvatın etimadını qazana bilmisiniz?
- Ona minnətdaram ki, hər oyunda mənə şans verdi, inandı. Onunla iki dəfə söhbət etmişik. Bu tempdə davam etməyimi xahiş edib. Deyir ki, məşqlərdə, oyunlarda çox çalışıram. Mən də özümü yaxşı tərəfdən göstərməyə çalışıram.
- Üç oyunda iki qol vurduq, onları da penaltidən. Bu, yığmamızın hücum xəttinin dişsizliyindən xəbər verir?
- Hər üç oyunda çoxlu qol vəziyyətimiz oldu. Penalti də yaradılan qol vəziyyətinin nəticəsidir. Çox ümid edirəm ki, növbəti oyunlarda daha çox qol vuracağıq.
