Kamran Quliyev: Legioner almaq məsələsi açıq qalıb
"Sumqayıt"ın prezidenti Kamran Quliyev komandanı tərk edən futbolçularla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Slavik Alxasov futbolçu kimi "Sumqayıt"da yetişdi. O, dörd ildən çox idi bu komandada idi. Ona ancaq uğurlar arzulaya bilərəm. Başa çatan mövsümdə çox uğurlu çıxış etdi. Azərbaycanda istənilən komandanı gücləndirə biləcək futbolçudur.
Səlahət Ağayev də "Qarabağ", "Neftçi", "Qəbələ" kimi klublarda oynaya biləcək futbolçudur. O, hazırda ölkənin iki ən yaxşı qapıçısından biri hesab olunur. Kamran Ağayevlə onun arasında yalnız təcrübə fərqi var. Səlahəti komandada saxlamaq çox ağır idi. Siz özünüz də bunun səbəbini gözəl bilirsiniz. Ağabala Ramazanovun da gedişi bizim üçün böyük itki oldu. Pərdis Fərcad-Azadla da bağlı xoş xatirələrimiz var".
Klub prezidentinin sözlərinə görə, hazırda komandanı gücləndirə biləcək yeni futbolçular axtarırlar: "Komandaya cəlb etmək istədiyimiz futbolçular var, amma onların adını açıqlamaq istəməzdim. Çünki hələ heç nə dəqiqləşməyib. Maraqlıdır ki, biz kimisə heyətə cəlb etmək istəyən kimi, onunla digər klublar da maraqlanmağa başlayırlar. Leginer dəvət etmək məsələsi də açıq qalıb. Bu, ola da bilər, olmaya da. Çünki qərarı tək mən qəbul etmirəm".
