Millimizin oyunçusu: Zenitdə oynamaq uşaqlıq arzumdur
Azərbaycanın U-21 yığmasının müdafiəçisi Tural Hümbətovun azerisport.az saytına müsahibəsi
- Sloveniya ilə ikinci yoxlama oyununda qazandığınız 2:1 hesablı qələbə barədə nə deyə bilərsiniz?
- İkinci oyun ilk matçla müqayisədə daha asan keçdi. Çünki rəqibi öyrənmişdik, nəyə qadir olduqlarını bilirdik. Əlbəttə, meydan sahiblərinə qarşı oynamaq elə də asan deyildi. Sloveniyalılar ilk oyunda (4:1) olduğu kimi, yenə bizə qalib gəlmək istəyirdilər. Amma biz sonadək mübarizə aparıb, qələbə qazandıq.
- İlk oyunla müqayisədə nə dəyişmişdi ki?
- Daha az səhv etməyə, ilk oyundakı səhvləri təkrarlamamağa çalışdıq. Üstəlik, həm rəqibə, həm də hakimlərə qarşı tam hazırlıqlı idik. Yoxlama xarakterli görüş olsa da, rəsmi oyuna bənzəyirdi.
- Sloveniyalılar hər iki oyunda çox sərt oynadılar. Bütövlükdə, onların komandamıza qarşı münasibəti barədə nə deyə bilərsiniz?
- Ümumi götürsək, münasibət yaxşı idi. Heç bir problem yox idi. Kobd oyuna gəlincə, biz də onlara qarşı elə oynayırdıq (gülür). Etiraf edim ki, biz onlardan daha kobud davranırdıq.
- Amma revanş baş tutdu...
- Bəli, əsas odur ki, qisasımızı ala bildik.
- Qarşıda Bosniya-Herseqovina ilə oyun var. Bu rəqib barəsində nə bilirsiniz?
- Düzünü desəm, heç nə. Amma fikrimcə, asan oyun olmayacaq. Sloveniyalılarla görüşləri unudub, tam bu görüşə köklənmişik.
- Sizinlə "Neftçi"nin maraqlandığı barədə xəbərlər doğrudur?
- Mən AZAL-da qalmaq, Tərlan Əhmədovun rəhbərliyi altında oynamaq istəyirəm. Digər klubların təklifləri barədə heç nə eşitməmişəm. Həm də AZAL-la daha bir mövsümlük müqaviləm var.
- "Zenit"in yetirməsi olduğunuzu nəzərə alsaq, yenidən Rusiya klubuna qayıtmağı düşünmürsünüz?
- "Zenit"də oynamaq uşaqlıq arzum olub. Amma bu, sadəcə, arzudur. Ola bilər ki, yenidən daha güclü komandalarda forma geyinim. Amma hələ bu barədə düşünmürəm. İndi AZAL-dayam və öz işimi görürəm. Daha güclü klublara keçmək üçün daha da artırmaq lazımdır.
