Bəxtiyar Musayev: Neftçini Elnur Məmmədovla fikir ayrılığına görə tərk etdim
"Neftçi"nin sabiq məşqçisi Bəxtiyar Musayev paytaxt klubundan ayrılmasının səbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klub rəhbərliyi ilə aramda olan fikir ayrılığı sonda istefa verməyimlə nəticələndi. Daha dəqiq desək, klubun icraçı direktoru Elnur Məmmədovla aramızda fikir ayrılığı vardı. Konkret səbəb yoxdur. Bütövlükdə, vəziyyət məni belə addım atmağa məcbur etdi.
Legionerlər? İndiki legionerlərdən mənim əlimlə yalnız Anyete komandaya cəlb olunmuşdu. Amma yenə də ispaniyalının yaxşı futbolçu olduğunu düşünürəm. Sadəcə, o, pis hazırlaşmışdı. Hətta buna rəğmən, yenə də pis oynamadı. Baş məşqçi dəyişiklikləri və zədələr ona özünü tam göstərməyə imkan vermədi.
"Neftçi" mənim üçün doğma klubdur. Altı il bu klubda çalışdım. Amma çoxsaylı fikir ayrılıqları sonda bu addımı atmağıma gətirib çıxardı. Məndən nə işlə məşğul olduğumu tələb edirdilər. Nəticədə doğma bir klub mənim üçün yadlaşdı. Çalışdığım müddətdə "Neftçi" çoxlu uğurlara imza atdı. Bu fəaliyyətimlə qürur duyuram".
