Nazim Süleymanov: Daha öncədən 11 yox, 14 nəfərə qarşı mübariz aparacağımızı bilirdim
“Oyundan əvvəl də bilirdim ki, meydanda 11 yox, 14 nəfərə qarşı mübarizə aparacağıq. Hətta bunu oyunöncəsi məşq prosesi zamanı futbolçuların diqqətinə çatdırdım. Oyunun gedişatı da bunu sübut etdi. Rəqib hər iki qolu penalti zərbəsindən vurdu".
Azerisport.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov deyib.
Makedoniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Yeniyetmə futbolçularımız Makedoniyanın U-19 yığması ilə üz-üzə gəlib. Rəqib hər iki qolu fasilədən sonra penalti zərbələrindən vurub. Baş məşqçi bunun səbəbini belə izah edib:
“Hazırda komanda təlim-məşq toplanışındadı və bu oyunlar da hazırlıq prosesinin tərkib hissəsidir. Belə oyunları keçirməkdə məqsədimiz futbolçuların təcrübə toplamasına, xarakter göstərməsinə nail olmaqdı. Düzdü, yoxlama oyunlarında nəticə əsas götürülmür, amma Makedoniya ilə matçda hesabın belə alınmasında hakimlər briqadasının əməyi danılmazdı. Bu haqda çox danışmaq istəmirəm, ancaq qısa vaxt ərzində qapımıza 2 penaltinin təyin edilməsinin üzərindən sakit də keçə bilmirəm”.
Təcrübəli mütəxəssis komandanın oyunundan narazı qalmadığını, qaçırılan qol epizodlarına görə təəssüfləndiyini vurğulayıb: “Ümumi götürdükdə, komandamız pis oynamadı, xarakter göstərdi. Təəssüf ki, çoxsaylı qol epizodlarımızı realizə edə bilmədik. Hər iki hissədə qol vurmaq üçün xeyli imkanımız vardı. Xüsusilə də ardıcıl vurulan penaltilərdən sonra fərqlənmək şanslarımız çox oldu”.
N.Süleymanov sabah keçiriləcək ikinci oyun haqda da danışıb: “Bu rəqiblə iyunun 3-də növbəti dəfə qarşılaşacağıq. Birinci oyunda olanlara rəğmən hazırlığımızı davam etdiririk. Yenə deyirəm, əsas istəyimiz heyətə cəlb etdiyimiz gənc futbolçuların təcrübə toplamasına yardımçı olmaqdı. Çünki oktyabrda bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. İkinci oyunda uşaqların daha yaxşı oynayacağına və meydanı bizi sevindirəcək nəticə ilə tərk edəcəyinə ümid edirik”.
