Rəşad Sadıqov: Premyer Liqanın qalibi olmağımıza bu qədər sevinməmişdim
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında "Neftçi" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
- Qələbə qazandığımız üçün çox şadam. Topaz Premyer Liqasının qalibi olmağımız heç məni bu qədər sevindirməmişdi. Amma Azərbaycan Kubokunu qazanmağımız fərqli oldu. Çempionatda uğura aparan yol da uzundur. Mövsümün sonunda xal fərqi çox idi. Amma kubokda 120 dəqiqə gərgin final oyunu keçirdik.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Əsl final oyunu alındı. Rəqib də uduzmaq istəmirdi. Biz çoxlu qol vəziyyəti yaratdıq. Aqil Məmmədov bu oyunu çox yaxşı keçirdi. Qırmızı, sarı vərəqələr oldu. Əsl derbi matçı idi.
- "Qarabağ"ın bir qədər ehtiyatlı oynaması matçın statusundan irəli gəlirdi, ya rəqibin son dövrlər artırmasından?
- "Neftçi" son dövrlər yaxşı formadadır. Vəli Qasımovun gəlişindən sonra xüsusilə artırıblar. Həm də bir səhv matçın taleyini həll edə bilərdi. Səhvə yol vermək istəmirdik. Elə də oldu. Amma səhvi biz yox, rəqib etdi.
