"Diniyevin qərarlarında ancaq qərəz görürəm"
"Xəzər Lənkəran"ın baş məşqçisi Ağadadaş Həmidov Topaz Premyer Liqasının 36-cı turunda "Rəvan"a qarşı keçirdikləri oyunda baş verən olaylara münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu oyunda nəticəyə oynayırdıq. Hakim səhvləri olmasaydı, öz istəyimizə çatacaqdıq. Ramil Diniyev bizim qapımıza olmayan penalti təyin etməklə hər şeyi korladı. Başa düşə bilmirəm ki, o, nəyə əsaslanıb belə bir penalti təyin etdi. Mən burada ancaq qərəz görürəm. Futbolçularım Diniyevin "Rəvan"ın futbolçuları ilə dialoqunu eşidib. Fasilədə ona deyiblər ki, "telefonuna bax, sms var". Meydanda isə Diniyev "Rəvan"ın futbolçularına bildirib ki, "siz öncə cərimə meydançasına daxil olun, sonra penalti tələb edin".
"Xəzər Lənkəran" dağıla bilərmi? Bizə deyilib ki, klubun taleyinə yaxın 2-3 gündə aydınlıq gəlməlidir. Belə bir klubun dağılacağına inanmıram. İnanmaq istərdim ki, lisenziya ilə bağlı problem yolun qoyulacaq və biz yenidən Premyer Liqada iştirak edəcəyik".
