Topaz Premyer Liqasında mövsümün son tur həyəcanı
Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, çempionatın həlledici - 36-cı turunun qarşılaşmaları eyni gündə keçiriləcək.
Hazırda üçüncü pillədə qərarlaşan “İnter” doğma meydanda gümüş medalları ötən tur təmin etmiş “Zirə”ni qəbul edəcək. Tərəflər yalnız cari mövsümdə 3 oyunda üz-üzə gəliblər. “Zirə” əvvəlki 3 matçda uduzmayıb. “İnter”in meydanındakı yeganə matçda qol vurulmayıb. Elə Zirədə baş tutan ilk dövrədəki oyunda da 0:0 hesabı qeydə alınıb. Yalnız üçüncü dövrədəki görüşdə zirəlilər doğma meydanda bu rəqib üzərində 2:1 hesablı qələbəyə seviniblər. İndi isə "İnter" ilk dəfə zirəlilərə qalib gəlməyə çalışacaq. Bu, həm uğursuz gedişata son qoymaq baxımından önəmlidir, həm də bürünc medalların taleyi baxımından. "Bankirlər" qalib gələcəkləri halda, üçüncülüyü təmin edəcəklər.
Üçüncü yer uğrunda mübarizə aparan digər iki komanda - “Kəpəz” ilə “Qəbələ” isə Gəncədə üz-üzə gələcək. Bu klublara heç-heçə demək olar ki, sərf etmir. Çünki belə olan halda "İnter"in xal və ya xallar qazanıb, üçüncü pilləni tutması qaçılmaz olacaq. Amma tərəflərdən hansısa qalib gəlsə və "İnter" "Zirə" ilə oyunda xal itkisi ilə üzləşsə, o zaman ya "Qəbələ", ya da "Kəpəz" Premyer Liqanın bürünc medallarına sahib çıxacaq. Tərəflərin əvvəlki 11 oyunundan 4-də gəncəlilər, 3-də qəbələlilər qalib gəliblərsə, daha 4 oyunda da heç-heçə qeydə alınıb. Top fərqi də Gəncə təmsilçisinin xeyrinədir - 10:9. “Kəpəz” son 3 ev oyununda qələbə qazanıb. “Qəbələ” səfərdə qalib gəlməyib və 5 oyundan yalnız birində qol vurub. Cari mövsüm baş tutan görüşlərə gəlincə, "Qəbələ" öz meydanındakı ilk oyunda 1:0 hesabıyla üstün olub. Amma səfərdə və evdə baş tutan son iki oyun "Kəpəz" üçün daha uğurlu alınıb - müvafiq olaraq 2:1 və 3:0.
Çempionatın aşkar autsayderləri - “Rəvan” və “Xəzər Lənkəran” da həlledici turda bir-biri ilə üz-üzə gələcək. Bu klublar 14-cü dəfə qarşılaşır. Əvvəlki 13 oyundan 3-də bakılılar, 4-də lənkəranlılar qalib gəlib. Daha 6 oyunda heç-heçə qeydə alınıb. Top fərqində cənubluların üstünlüyü var - 17:10. “Rəvan” son 4 oyunda qalib gəlməyib. “Xəzər Lənkəran” son 3 səfərdən qolsuz ayrılmayıb. Cari mövsüm Lənkəranda baş tutan ilk oyun heç-heçə bitib - 1:1. Elə üçüncü dövrədə də cənubda azarkeşlər bu klubların qolsuz heç-heçəsinə şahidlik etmişdilər. Amma ikinci dövrədə "Xəzər Lənkəran" Bakıda 1:0 hesabıyla qalib gələ bilmişdi. İndi "Rəvan" bu uğursuz gedişata son qoyub, "ağ-yaşıllar"a qalib gəlməyə çalışacaq. Ötən tur çempion "Qarabağ"la oyunda gözlənilməz qələbəyə sevinib son pillədən çıxan "Rəvan"a əsas rəqibi ilə görüşdə hətta heç-heçə də çempionatı 9-cu pillədə başa vurmaq üçün yetərli olacaq. "Xəzər Lənkəran" isə "aslanlar"ı yalnız qələbə qazanmaqla sonuncu pilləyə düşürə bilər.
Çempionatı 6-cı pillədə başa vurmaqla Avropa Liqasında Premyer Liqa vasitəsilə vəsiqə qazanmağı hədəfləyən "Neftçi" səfərdə “Sumqayıt”la qarşılaşacaq. Sumqayıtlılar üçün demək olar ki, heç bir əhəmiyyəti qalmayan bu oyunda "ağ-qaralar”a qələbə çox lazımdır. Çünki belə olan halda bakılıların mövsümü altıncı pillədə başa vuracağı dəqiqdir. Xal və xallar qazanmayacağı halda isə "Neftçi" "Qarabağ"ın AZAL-la oyunda qələbəsinə ümid bəsləməli olacaq. "Neftçi" "Sumqayıt"a qarşı keçirdiyi əvvəlki 15 oyundan 10-da qələbə qazanıb. Sumqayıtlılar cəmi 3 dəfə paytaxt təmsilçisinə qalib gəldiyi halda, 2 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi"nin xeyrinədir - 32:16. “Neftçi” son 3 oyunda qələbə qazanıb (evdə 2:1, 1:0, səfərdə 2:1). “Sumqayıt” son 7 oyunda cəmi 1 xal qazanıb. Paytaxt klubu son 3 səfərdə qalib gəlib. Elə bu dəfə böyük ehtimalla "ağ-qaralar" sevinən tərəf olacaqlar.
Çempion “Qarabağ” isə mövsümün son matçını AZAL-a qarşı keçirəcək. Tərəflər yubiley - 30-cu matça çıxacaqlar. Əvvəlki 29 oyundan 17-də ağdamlılar qalib gəliblər. 6 oyunda heç-heçə qeydə alınıbsa, yalnız 6 görüşdə AZAL 3 xala sevinən tərəf olub. Top fərqində də Ağdam klubu üstündür 38:25. “Qarabağ” AZAL-la son 4 ev oyununda 2 qolla qalib gəlib. AZAL son 10 qarşılaşmadan yalnız birində qələbə qazanıb. Bu mövsümün ilk iki dövrəsində də "Qarabağ"ın 2:0 hesablı qələbəsi qeydə alınıb. AZAL yalnız üçüncü dövrədə bu rəqibinə 1:0 hesabıyla qalib gəlmişdi. Tərlan Əhmədovun komandası bu oyunda Avropa Liqasına vəsiqə qazanmaq üçün son şansından yararlanmağa çalışacaq. Lakin bunun üçün "Neftçi"nin "Sumqayıt"la oyunda xal qazanmaması da lazımdır.
Topaz Premyer Liqası
36-cı tur
20 may (cümə)
17:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə şəhər stadionu.
17:00. “İnter” - “Zirə”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.
17:00. “Rəvan” - “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Bayıl Arena”.
19:00. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
19:00. “Qarabağ” - AZAL
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Azersun Arena”.
| 1 | Qarabağ | 35 | 25 | 6 | 4 | 63-21 | 81 |
| 2 | Zirə | 35 | 17 | 11 | 7 | 42-30 | 62 |
| 3 | İnter | 35 | 15 | 11 | 9 | 38-28 | 56 |
| 4 | Kəpəz | 35 | 15 | 11 | 9 | 48-39 | 56 |
| 5 | Qəbələ | 35 | 15 | 11 | 9 | 43-28 | 56 |
| 6 | Neftçi | 35 | 13 | 10 | 12 | 40-39 | 49 |
| 7 | AZAL | 35 | 13 | 7 | 15 | 26-35 | 46 |
| 8 | Sumqayıt | 35 | 8 | 12 | 15 | 39-48 | 36 |
| 9 | Rəvan | 35 | 5 | 8 | 22 | 25-61 | 17 |
| 10 | Xəzər Lənkəran | 35 | 3 | 5 | 27 | 14-49 | 14 |
Bombardirlər:
14 - Nelson Bonilya ("Zirə"), Dani Kintana ("Qarabağ").
13 - Ruslan Qurbanov ("Neftçi").
11 - Amil Yunanov ("Sumqayıt").
