Georgi Lomaya: Karyeramı İnterdə başa vurmaq istəyirəm
"İnter"in qapıçısı Georgi Lomaya Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri mövsümün son matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Mövsümün son matçına hazırlıq necə gedir?
- Həmişəki kimi hazırlaşırıq. Mövsümün həlledici matçıdır. Avrokuboklara yollana bilməsək də, bu zonada qalmalıyıq ki, cəzamızı çəkək. Hər şeyin növbəti mövsümə qalmasını istəmirik.
- Möcüzəyə ümid bəsləmirsiniz?
- Əslində, cəzamız ləğv olunmalı idi. Çünki borclar ödənilmişdi. Deyilənə görə, hələ də şans var. Ümidimizi itirmirik.
- Hazırda üçüncü yeri tutmağa "İnter"lə yanaşı, "Kəpəz"lə "Qəbələ" də iddialıdır. Amma komandanız mübarizədə daha şanslı görünür...
- Taleyimiz öz əlimizdədir. Sadəcə, "Zirə"yə öz meydanımızda qalib gəlməliyik.
- Ciddi motivasiyası qalmayan rəqibə qalib gələ biləcəksiniz?
- "Neftçi" ilə son oyundakı səhvləri təkrarlamaq istəmirik. Eyni zamanda "Zirə"nin meydana o dərəcədə rahat çıxacağını da düşünmürəm. Onlar da mövsümü qələbə ilə başa vurmağa çalışacaqlar.
- Növbəti mövsüm üçün planlarınız necədir?
- Mövsümün sonunda klubla müqaviləmin müddəti başa çatacaq. Ondan sonra yenidən danışıqlar aparmalıyıq.
- Növbəti mövsümün startında 37 yaşınız olacaq. Oyunçu karyeranızı başa vurmaq barədə düşünmürsünüz?
- Hələ gücüm var. İtaliyalı Canluici Buffon 40 yaşında oynamağa hazırlaşır. Ondan nəyim pisdir (gülür)? Səhhətim imkan verdikcə, oynayacağam. Qapıçıların bu baxımdan üstünlüyü var.
- Deməli, "İnter"də qalmaq istəyirsiniz?
- Karyeramı "İnter"də başa vurmaq istəyirəm.
- Kamran Ağayev gələndən tez-tez onunla növbəli oynayırsınız. Deyilənə görə, mövsümün sonunda o, klubdan gedəcək. Belə olsa, yenidən "İnter"in 1 nömrəsi ola bilərsiniz?
- Hələ "İnter"də kimin qalıb, kimin gedəcəyi bəlli deyil. O, getmək istəyirsə, bu, öz haqqıdır. Buna mən qərar vermirəm. Amma yaxşı qapıçıdır. Əbəs yerə Azərbaycan yığmasının əsas qolkiperi deyil.
