Tərlan Quliyev: Kəpəzə heyəti gücləndirmək lazımdır
"Kəpəz"in müdafiəçisi Tərlan Quliyevin azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasına dəvət olunmağınız gözlənilməz olmadı?
- Dəvət alacağımı bilirdim. Bir neçə turdur klubumun heyətində sabit oynayıram. Yaxşı formadayam. Əmin idim ki, ən azı 26 futbolçu arasında yer ala biləcəyəm.
- Milliyə dəvət alan bu futbolçulara DÇ-2018-in seçmə mərhələsində də güvəniləcəyini demək olar?
- Düşünmürəm. Bu gün komandada olan istənilən futbolçu sabah yığmaya dəvət almaya bilər. Robert Prosineçki elə məşqçidir ki, ancaq formada olan futbolçulara dəvət göndərir.
- Amma xorvat mütəxəssisin seçimindən heç də hamı razı qalmayıb...
- Əlbəttə, ola bilər ki, hansısa futbolçuya xüsusi simpatiya bəsləyir. Amma nəzərə almaq lazımdır ki, yığmaya 40 yox, sadəcə, 26-27 futbolçu dəvət olunur. Belədə hər kəs baş məşqçinin seçimindən razı qalmaya bilər. Çünki millidə oynamağı hər kəs istəyir. Dəvət almayanları da başa düşürəm. Onlar da millinin şərəfini qorumaq istəyirlər. Millidə elə mövqelər var ki, orada oynamağa 4-5 futbolçu var. Rəqabət çox böyükdür.
- Andorra, Kanada və Makedoniya ilə yoxlama oyunlarından nə gözləyirsiniz?
- Bizi belə çox yoxlama matçının gözləməsi sevindirici haldır. Adətən, yığmada oyun təcrübəsi az olur. Toplanış vaxtı cəmi bir oyun keçiririk ki, onda da hər kəs oynamaq şansı qazanmır. Amma bu dəfə fərqli olacaq. Kaş həmişə belə olaydı.
- Bu mövsümü sizin və komandanız üçün uğurlu adlandırmaq olar?
- Birmənalı olaraq, hə. Artıq neçə il idi klubumuz avrokuboklara vəsiqə qazanmırdı. Bu uğurumuzu daha da şirinləşdirən məqam komandamızın sadəcə, mövsümün əvvəlində formalaşmasıdır. Çünki belə bir komandadan çox az adam uğur gözləyirdi.
- Hətta mükafatçılar sırasına düşməsəniz də?
- Hətta bürünc medal qazana bilməsək də, bu mövsümü uğurlu saymaq olar. Amma medallar uğrunda sonadək mübarizə aparacağıq.
- Amma hər şey sizdən asılı deyil. Siz "Qəbələ"yə qalib gəlməklə yanaşı, "İnter"in "Zirə" ilə oyunda xal itirməsini arzulamalısınız...
- Digər oyunlara fikir verməyəcəyik. Biz öz oyunumuzu uğurlu keçirmək barədə düşünməliyik.
- "Kəpəz" bu heyətlə avrokuboklarda nəyə nail ola bilər?
- Avrkuboklar ərəfəsində heyəti gücləndirməyimiz lazımdır. "Neftçi" ilə Avropa Liqasında oynamışam, meydana çıxmasam da, "Qarabağ"la da olmuşam. Avrokuboklarda təcrübəm olduğu üçün bu turnirin nə demək olduğunu bilirəm. Çətin olacaq. Maddi baxımdan da güclənmək lazımdır.
- Siz "Qarabağ"a qayıdacaqsınız, ya "Kəpəz"də icarə əsasında oynamağa davam etmək fikriniz var?
- Ağdam klubu ilə daha bir illik müqaviləm var. Çempionat başa çatandan sonra bu məsələni iki klub rəhbərliyi ilə müzakirə edəcəyik. İstisna deyil ki, karyeramı elə "Kəpəz"də davam etdirim.
