Əsgər Abdullayev: Turan Tovuzla Premyer Liqada çalışmaq istəyirəm
"Turan Tovuz"un baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi
- Tovuzdakı ilk yarım iliniz necə keçdi?
- Hər şey normaldır. Müəyyən işlər gördük. Daha yaxşısına nail ola bilərdik. Əldə etdiyimiz də məqbul sayıla bilər. Birinci Divizionda 1994-cü ilə təvəllüdlü futbolçularla bağlı limit var. Amma bizdə 1995-96-97, hətta 2000-ci il təvəllüdlü futbolçular var. Perspektivli uşaqlar çoxdur.
- Premyer Liqanın iki təmsilçisi növbəti mövsüm elitada çıxış etmək üçün lisenziya ala bilmədi. Birinci Divizion klublarından da hələ heç biri Premyer Liqada çıxış etmək üçün müvafiq lisenziya əldə edə bilməyib. Siz bu şansdan yararlana bilərsiniz?
- Lisenziya almaq problem deyil. Bizim müvafiq infrastrukturumuz var, uşaq futbol məktəbi baxımından problemimiz yoxdur. Ayın sonuna qədər müvafiq sənədləri AFFA-ya təqdim edə bilərik. Şəhər stadionunun qazonu da təbii ot örtüklüdür ki, bu tələblərə cavab verir.
- Yəqin ki, bu komandanın sükanı arxasına keçərkən hədəfiniz nə vaxtsa elitaya yüksəlmək idi...
- Mən bu klubla Premyer Liqada oynamaq istərdim. Belə güclü futbol rayonu Premyer Liqada olmalıdır.
- Hazırda əksər klublarımızın ən yaralı yeri maliyyə imkanlarının aşağı olmasıdır. Bəs sizin klubda vəziyyət necədir?
- Bizdə demək olar ki, maaşlar həmişə vaxtında verilir. Bu baxımdan çətinlik hiss etmirik.
- Bəs sabah legioner almalı olsanız, onda necə olacaq? Axı əcnəbi yerli futbolçularla müqayisədə daha çox pul tələb edəcək...
- Hələ bu barədə danışmaq çətindir. Premyer Liqada oynamaq şansı qazansaq, şübhəsiz ki, daha təcrübəli futbolçularla güclənməyimiz lazım gələcək. Əcnəbi futbolçuların dəvət olunması da istisna deyil. Bir şeyi dəqiq söyləyə bilərəm ki, "Turan Tovuz" elitaya yüksəlsə, bunun ölkə futboluna faydası çox böyük olacaq. Çempionat daha da maraqlı keçəcək.
- Keçmiş komandanız "Neftçi" son dövrlər yaxşı nəticələr göstərməyə başlayıb. Onların çıxışı barədə nə deyə bilərsiniz?
- Bu mövzuda çox danışmaq istəmirəm. Bakılılara sadəcə, uğurlar arzulaya bilərəm.
