Qarabağın ÇL-də potensial rəqibləri bəlli olur
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək Azərbaycan çempionu "Qarabağ"ın bu nüfuzlu klub turnirindəki potensial rəqibləri tədricən bəlli olur. Azerisport.az xəbər verir ki, artıq turnirin 78 iştirakçısından 70-nin adı bəllidir.
Ağdam klubu ÇL-də mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Komandamızın püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacağı artıq dəqiqləşib. Bu isə "Qarabağ"ın nisbətən zəif klubların yer alacağı "səpələnməmişlər" səbətindəki rəqiblərdən biri ilə qarşılaşacağından xəbər verir.
Azərbaycan çempionunun potensial rəqiblərinin siyahısı isə belədir: "Olimpiya" (Sloveniya), "Vardar" (Makedoniya), "Norçöpinq" (İsveç), "Ferentsfaroş" (Macarıstan), "Kruzeyders" (Şimali İrlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Dandolk" (İrlandiya), "Mladost" (Çernoqoriya), HJK (Finlandiya), "Liepaya" (Latviya), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva).
Bunlardan əlavə, birinci təsnifat mərhələsinin qalibləri də "Qarabağ"ın potensial rəqibi ola bilər. İlkin mərhələdə mübarizə aparacaq kollektivlər isə bunlardır: B-36 (Farer adaları), "Valletta" (Malta), "Linkoln" (Cəbəllütariq), "Nyu Seynts" (Uels), "Santa Koloma" (Andorra), "Flora" (Estoniya), San-Marino və Ermənistan çempionları.
San-Marino və Ermənistanla yanaşı, Albaniya, İsrail, Moldova və Lüksemburq çempionu da hələ müəyyənləşməyib.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Matçlar isə iyulun 12-13-də və 19-20-də keçiriləcək.
