Elvin Bədəlov: Biz kuboku da qazanmaq istəyirik
"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "İnter" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu matçda dörd qolla qalib gəlsək də, meydanda çox gərgin və ağır mübarizə var idi. "İnter" matça yaxşı başladı, hesabı açdı. Amma futbolçularımız sanki bundan sonra özlərinə gəldilər və fasiləyə qədər iki qol vurduq. Fasilədə mənə dedilər ki, AZAL "Qəbələ"yə uduzur. Amma mən həmin oyun barədə düşünməməyə çalışırdım. Matçın sonunda artıq açıq oyun gedirdi. Biz növbəti qolları vurmaqla qalib gəldik. Bununla kifayətlənmək, sakitləşmək istəmirik. Qarşıda daha bir oyun var. "Sumqayıt"a da qalib gəlsək, əla olacaq. Çünki mövsümün sonunda "Qarabağ"la kubokun final matçına da çıxmalıyıq. Mövsümü yaxşı bitirmək üçün yaxşı da oynamaq lazımdır. Kuboku qazanmaq istəyirik. "Qarabağ"ın "Rəvan"a məğlubiyyətinə gəlincə, bu, mənim üçün gözlənilməz oldu. Amma sonradan "Qarabağ"ın optimal heyətlə oynamadığını gördüm. Həm də matçın böyük hissəsini azlıqda keçiriblər".
