Emil Balayevin komandası Bundesliqada qalmaq üçün pley-off oyunu keçirəcək
Almaniya Bundesliqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Verder"lə qarşılaşıb. Qeyd edək ki, "Ayntraxt" son tur öncəsi xallarının sayını 36-ya çatdıraraq, təhlükəli zonadan çıxmış və 15-ci pillədə qərarlaşmışdı. Amma son turda bu komandanı məhz əsas izləyicisi ilə görüş gözləyirdi. Taleyüklü matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
"Verder" bu vacib qələbə sayəsində Bundesliqada qalmağa nail olub. Əvəzində "Ayntraxt" 16-cı pilləyə düşüb. Düzdür, bu, hələ Frankfurt klubunu elitada qalmaqdan tam məhrum etməyib. Çünki "Ayntraxt" Bundesliqada qalmaq üçün aşağı liqada 3-cü yeri tutmuş "Nürnberq"lə iki pley-off matçı keçirməlidir. Həmin oyunlardan birincisi mayın 19-da Frankfurtda, cavab görüşü isə ayın 23-də səfərdə keçiriləcək.
