Fransa oynayan azərbaycanlı qapıçı: Mənimlə Oser, Monako maraqlanır
Azərbaycanlı gənc qapıçı Asim Abdullazadə azerisport.az saytına müsahibəsində Fransanın "Monruj" klubunun U-17 komandasındakı çıxışından, eləcə də "Monako", "Oser" kimi klubların onunla maraqlanmasından danışıb:
- Yəqin ki, sizin adınız azərbaycanlı futbol azarkeşlərinə o qədər də tanış deyil. Bir qədər özünüz barədə məlumat verərdiniz...
- 2010-cu ildən 2015-ci ilə qədər "Bakı"nın sıralarında olmuşam, bu klubun yetirməsi sayılıram. Son bir ildə isə Fransanın "Monruj" klubunda oynayıram. Bu, "Monpelye"nin Parisdəki farm-klubu hesab olunur.
- Fransa klubuna gedişiniz necə alındı? Təsadüfən bu, "Bakı" ilə "Lans" arasındakı əməkdaşlığın nəticəsində alınmayıb?
- Müəyyən mənada elə alındı. Amma təsadüf də burada öz rolunu oynadı. Fransaya təxminən 14 yaşımdan gəldim. Bizim "Lans"la oyunumuz var idi. Elə həmin vaxt Fransa klubunun xoşuna gəlmişəm. Bu barədə mənə klub rəhbərliyi məlumat verdi. Bakıya qayıdanda mənə "Lans"a getmək istəmirsən" sualını verdilər. O vaxt mənimlə Madrid "Atletiko"su da maraqlanırdı. Buna görə də "Atletiko"nu seçdim. Üç ay orada qalandan sonra klubda problemlər yarandı. Nə baş verdiyini özüm də bilmədim. Amma daha İspaniyaya qayıtmağım mümkün olmadı. Bildiyim qədərilə, 18 yaşımın tamam olmaması İspaniyada oynamağıma problem yaradır. Bir sözlə, sənədlərlə bağlı problem "Atletiko" karyeramın alınmasına imkan vermədi. Bir il sonra isə məni "Lans"a dəvət etdilər. Amma orada da cəmi bir ay məşq etdim. Nəticədə, Parisə yollanıb, orada özümə komanda axtarmaq qərarına gəldim.
- Maraqlıdır, Fransada çıxış etdiyiniz halda, sizi niyə AÇ-2016-nın final mərhələsində iştirak edən Azərbaycan yığmasına dəvət etməyiblər?
- Ötən mövsüm 6-7 ay zədəli oldum. Həmin vaxt yığmada hamı məni dəstəkləyirdi. Baş məşqçi Təbriz Həsənov da həm müalicəm, həm də meydana qayıtmağım üçün çox şey etdi. Çünki çox çətin vəziyyətdə idim. Bərpa olandan sonra yenə yığmaya dəvət aldım. Amma əvvəlki formamı itirmişdim. Hazırda formamı bərpa etmişəm. Əlbəttə, yığmaya dəvət almadığıma məyus oldum. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Yəqin ki, zamanı gələndə məni də çağırar.
- Fransa klublarından sizinlə maraqlanan var?
- Bəli. Mənimlə "Monako", "Oser", "Brest" klublarından maraqlanan olub.
- Bəs siz özünüz bu klublardan hansınasa keçmək istəyirsiniz?
- Hansı kluba keçəcəyimə avqust ayında aydınlıq gələcək. Bu, məşhur klub ola bilər. Azərbaycandan da təkliflər var.
