Fərid Quliyev: Yenidən Türkiyəyə qayıdacağam
Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev vətənə dönüb. Azerisport.az xəbər verir ki, o, son yarım ili Türkiyənin həvəskarlardan ibarət "Yozqatspor" klubunda keçirib.
Saytımıza açıqlamasında futbolçu komandasının çıxışından bəhs edib: "Hədəfimiz bu mövsüm çempion olmaq idi. Daha güclü liqaya vəsiqə qazanmaq istəyirdik. Təəssüf ki, hədəfimizə çata bilmədik. Finişə bir neçə tur qalmış uduzub, çempionluq şansımızı əldən verdik. Fikrimcə, bir qədər arxayınlıq oldu. Həm də orada çox böyük rəqabət var. Hazırda vətəndə olsam da, növbəti mövsümdən yenə bu komandaya qayıda bilərəm. Azərbaycan çempionatının səviyyəsini gördükdən sonra düşündüm ki, yenidən orada oynamaq yaxşıdır. Orada matçlar daha yüksək tempdə keçir, azarkeşlər daha çoxdur. Hərdən komanda yoldaşlarım Azərbaycan və Türkiyə yığmaları arasındakı son oyunu yada salırlar. 1:0 hesabıyla qalib gəldiyimiz həmin oyun Türkiyədə böyük marağa səbəb olmuşdu".
