Mirabdulla Abbasov: Latviyada qalıb-qalmayacağımıza Neftçi qərar verəcək
Latviyanın "Dauqavpils" klubunda çıxış edən azərbaycanlı futbolçu Mirabdulla Abbasov gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər şey normaldır. Komandama faydalı olmağa çalışıram. Aydın məsələdir ki, nə vaxtsa yenidən "Neftçi"yə qayıdacağam. Çünki müqavilə ilə bu kluba məxsus olsam da, Latviyada icarə əsasında çıxış edirəm. Amma "Dauqavpils" rəhbərliyi mənimlə Orxan Qurbanlını mövsümün sonunadək komandada saxlamaq istəyir. Təəssüf ki, bu barədə qərarı mən vermirəm. Hər şeyə Bakıya qayıdandan sonra aydınlıq gələcək. "Neftçi"nin toplanışında iştirak edəcəyəm. Ondan sonra yekun qərar veriləcək. Buradan "Neftçi"nin işləri ilə maraqlanıram. Bilirəm ki, kubokun finalına çıxıblar. "Qəbələ" ilə cavab oyununa da baxdım. Uşaqlar yaxşı oynadılar və finala çıxmağa layiq idilər. "Neftçi"nin hər oyununa baxıram və nəticələrindən xəbərdaram".
