Səməd Qurbanov: Neftçi istənilən halda heyəti gücləndirməlidir
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Komandanın son dövrlərdə nəticələri yaxşılaşmağa başlayıb. Nə dəyişib ki?
- Nə baş verdiyini bilməsəm də, komanda özünə gəlir. Uşaqlar oynamağa, öz güclərinə inanmağa başlayıblar. Futbolda bu, çox vacibdir. Qarşıda çempionat çərçivəsində daha iki uğurlu oyun keçirmək qalır. Üstəlik, kubokun finalı da var.
- Gəncədə qələbə qazanmaq hər komandaya qismət olmur...
- Düzünü desək, buna yalnız biz nail olmuşuq, bir də "Qarabağ". Birinci hissədə zəif oynadıq, amma ikinci yarıda vəziyyət dəyişdi. Oyundan sonra meydan sahiblərinin fanatları da özündən çıxdı. Görünür, onlar komandalarının doğma meydanda uduzmasına alışmayıblar. Amma xoşbəxtlikdən ciddi bir şey baş vermədi.
- Klub rəhbərliyi Vəli Qasımovun işindən razıdır?
- Sualın cavabı yəqin ki, məlumdur. O, komanda ilə dil tapmağı bacardı. Kollektivi bir yerə cəm edə bildi.
- Qasımov növbəti mövsümdə də postunda qala bilərmi?
- Biz hələ bu məsələni müzakirə etməmişik. Bunu ayın sonunda müzakirəyə çıxaracağıq. Amma onun uğurları göz qabağındadır. Böyük ehtimalla baş məşqçi kimi işini davam etdirəcək.
- Son uğurlarda Müşahidə Şurasının nə dərəcədə rolu var?
- Biz daim komandanın yanındayıq. Uduzsalar da, udsalar da, onlarla tez-tez görüşükür, dəstək oluruq. Onlarla səfər oyunlarına gedirik. Komanda rəhbərliyin dəstəyini hər an hiss edir. Bu da uşaqlarda inam yaradır.
- Sizcə, "Neftçi" Avroliqaya vəsiqəni çempionat yolu ilə qazanacaq, ya kubokda?
- Hər iki variant realdır. Hətta kuboku qazansaq belə, çempionatda yeddinci pillədən daha yuxarı qalxmalıyıq. Əks halda bu nəticə klub tarixində mənfi hal kimi qala bilər. Təbii ki, bizim əsas hədəfimiz Avroliqaya vəsiqə qazanmaqdır. "Neftçi" necə Avropadan kənarda qala bilər?
- Bu heyətlə komanda Avropada nəyə nail ola bilər?
- Güclənmə istənilən halda olacaq. Yaxşı oyunçular lazımdır. Kifayət qədər gənc heyətimiz olsa da, komandanın yaxın gələcəkdəki oyunu daha yaxşısına ümid etməyə əsas verir. Hər şey buna doğru gedir. Bütün mövsüm ərzindəki tənqidlər də yalnız bizim xeyrimizə oldu. Komanda tənqid istəmirsə, daha yaxşı oynamağa məcburdur.
- Kubokun finalının Tofiq Bəhramov adına respublika stadionuna salınmasını necə qarşıladınız?
- Bu, demək olar ki, hər iki klub üçün doğma arenadır. Kubokun finalına qədər gəlmişiksə, baş mükafatı qazanmağa çalışmalıyıq.
