Qoran Pandev yığmamıza qarşı keçirəcəkləri oyundan danışdı
Makedoniya yığmasının və İtaliyanın "Cenoa" klubunun hücumçusu Qoran Pandev Avstriyada Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması yaxşı komandadır. Kifayət qədər keyfiyyətli oyunçuları var. Matçın statusuna baxmayaraq, çətin oyun olacağını düşünürəm. Azərbaycan futbolu son illərdə yüksəlişdədir. Ölkədə idmana böyük qayğı var. Bu üzdən futbolun inkişafda olması təəccüblü deyil. Komandaya Robert Prosineçki kimi tanınmış mütəxəssis rəhbərlik edir. Onun çalışdığı dövrdə komanda artıq uğur qazanmağı bacarıb. Mənə elə gəlir ki, xorvat mütəxəssisin rəhbərliyi altında nəticələriniz daha da yaxşılaşacaq. Bizi də Azərbaycanla çətin oyun gözləyir. Düzünü desəm, rəqib düşərgədə heç bir futbolçunu adı ilə tanımıram. Ola bilsin ki, üzünü görsəm, hansınısa xatırlayaram".
Qeyd edək ki, Azərbaycan və Makedoniya yığmaları mayın 29-da qarşılaşacaq.
