Əfran İsmayılov: Neftçi finala layiq olsa da, biz qızıl dubl etmək istəyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" üzərində qazandığınız son qələbə barədə nə deyə bilərsiniz?
- Şadam ki, hər şey bizim üçün yaxşı alındı. Çox adam düşünür ki, "Qarabağ" artıq çempion olduğuna görə arxayınlaşaqcaq, rəqiblərinə xal paylayacaq. Amma siz özünüz də hər şeyi görürsünüz. "Qarabağ" elə bir klubdur ki, baş məşqçi komandanı hər bir oyuna ciddi hazırlayır. Çempion olana qədər necə hazırlaşırdıqsa, indi də elə hazırlaşırıq. "Qəbələ" ilə matçda da öz futbolumuzu oynayıb, qələbə qazandıq.
- Mövsümün sonu olduğundan digər komandaların gücü tükənir, "Qarabağ"da isə hər şey əskinədir...
- Çünki bizim böyük heyətimiz var. Bir oyunda mən oynayıramsa, növbəti dəfə başqası meydana çıxır. Hər oyunda heyət dəyişir. Baş məşqçi bilir ki, bunu etməyə ehtiyac var. Belə olan halda yorğunluq da az olur.
- "Qəbələ"dən belə zəif oyun gözləyirdiniz?
- "Qəbələ" zəif təsir bağışladı. Fikrimcə, Dodo ilə Arif Daşdəmirov start heyətində olsaydı, hər şey fərqli olardı. Əlbəttə, Roman Qriqorçuk komandasını bizdən daha yaxşı tanıyır. Onların çoxlu zədəli futbolçusu var. Rikardinyo, Rəşad Sadıqov oynamırdı. Bütün bunlar oyuna təsirini göstərdi.
- Siz hər dəfə meydana sonradan çıxıb, əsas heyətdə oynamağa layiq olduğunuzu isbatlamağa çalışırsınız...
- Qərar baş məşqçinindir, ona hörmətlə yanaşıram. "Sumqayıt"la oyunda start heyətdə çıxmışdım. Qurban Qurbanov heyətdə həm də ona görə tez-tez dəyişiklik edir ki, zədələr az olsun. Mən də nə vaxt meydana çıxsam, komandama faydalı olmağa çalışıram.
- Hiss edirsiniz ki, vaxtilə Ağdam klubunda çıxış etdiyiniz dövrdəki formanızdan çox uzaqsınız?
- Əlbəttə, göz qabağındadır. O dövrlər tamamilə fərqli idi. Həmin formamı bərpa etmək istəyirəm. Ümid edirəm ki, baş məşqçi də bu yolda mənə kömək edəcək.
- İki həftə sonra sizi "Neftçi" ilə kubokun final matçı gözləyir...
- "Neftçi" son dövrlər yaxşı çıxış edir. Bu tur Gəncədə "Kəpəz"ə qalib gəldi, daha öncə AZAL-ı məğlub etmişdi. Onlar layiqli olaraq finala vəsiqə qazandılar. Bizə çətin olacağını bilirik. Amma "qızıl dubl" etmək istəyirik. Arxayınlaşmırıq, matça hazırıq.
- Klubla müqavilənizin müddəti nə vaxt bitir?
- Bu yay.
- Variantlar var, ya "Qarabağ"da qalacaqsınız?
- Hamı finalı gözləyir. Mən qalmaq istəyirəm. "Qarabağ" elə klubdur ki, inkişaf etmək istəyirsənsə, burada qalmağın lazımdır.
