Vüqar Əsgərov: Azərbaycan millisinin indiki hücumçularından zəif deyiləm
Latviyanın "Olayne/Super Nova" klubunun hücumçusu Vüqar Əsgərov yenidən Azərbaycan yığmasının formasını geyinmək istədiyini bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən yığmadan daim dəvət gözləyirəm. Niyə də buna inanmayım? Amma son qərarı baş məşqçi Robert Prosineçki qəbul edir. Əslində, futbolçunun hansı ölkədə, hansı liqada çıxış etməsinin fərqi yoxdur. O, klubunda özünü yaxşı tərəfdən göstərirsə, deməli, milliyə dəvət almaq şansı da var. Səhv etmirəmsə, Prosineçki yığmaya beşinci liqadan (Almaniya regional liqasında çıxış edən Toğrul Eratı nəzərdə tutur) futbolçu çağırır. Odur ki, futbolçu gərək baş məşqçinin xoşuna gəlsin, komanda, çempionat həlledici olmamalıdır. Almaniya beşinci liqasının Latviya çempionatından maraqlı olduğunu düşünmürəm. Burada da yaxşı oyunlar keçirilir, oyunlara böyük maraq var. Amma təbii ki, seçim Prosineçkinindir. Mən bircə onu deyə bilərəm ki, millinin indiki hücumçularından zəif deyiləm. Mənim də iki ayağım var".
