Hüseyn Seyliqli: Qrupdan çıxmaq şansımızı Belçika ilə oyunda əldən verdik
Azərbaycanın U-17 yığmasının müdafiəçisi Hüseyn Seyliqli AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Şotlandiya üzərində qələbə qazandıqları (1:0) oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Biz Şotlandiyadan daha yaxşı oynadıq. Daha çox hücum təşkil edirdik, daha çox pressinq edirdik. Matçdan öncə də qələbə qazanacağımıza əmin idik. Şadam ki, bu turnirdə ilk qələbəmizi qazandıq.
- Amma qrupdan çıxa bilmədiniz...
- Əlbəttə, qrupdan çıxa bilməməyimiz bir qədər məyus edir. Amma turniri yaxşı hisslərlə tərk edirik. Sadəcə, bəxtimiz gətirmədi. Əks halda 1/4 finala çıxa bilərdik.
- Nəyi nəzərdə tutursunuz?
- Hamı Portuqaliyaya məğlubiyyətimizi (0:5) qeyd edir. Amma mənə elə gəlir ki, biz qrupdan çıxmaq şansımızı Belçika ilə oyunda (1:1) əldən verdik. Son dəqiqələrdə qələbə qolunu vursaydıq və ya mən o səhvi buraxmasaydım, qrupdan çıxacaqdıq.
- Özünüzü günahkar hesab edirsiniz?
- O cür səhv etməməli idim. Sadəcə, zədəli halda oynayırdım. Meydanı tərk etmək istəmədim. Çünki komandama kömək etmək istəyirdim.
- Şotlandiya ilə matçın ikinci hissəsində futbolçular tez-tez toqquşurdular. Nəyi bölə bilmirdiniz?
- Belə hallar olur. Hamı matçın sonunda yorğun idi.
- "Beşiktaş"ın düşərgəsinə qayıdanda yəqin ki, sizdən turnir barədə soruşacaqlar. Nə danışacaqsınız?
- Ancaq müsbət şeylər. Bakını yaxşı emosiyalarla tərk edirəm. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Matçlarda yaxşı atmosfer var idi.
- Yenidən Azərbaycan yığmasına dəvət alsanız...
- Buna və yenidən buraya qayıtmağa hər zaman hazıram.
