Kərim Diniyev: Premyer Liqanı üçüncü yerdə başa vurmaq istəyirik
"Kəpəz"in müdafiəçisi Kərim Diniyev Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Liqasına vəsiqəni təmin etdiyimiz üçün çox şadıq. Qarşıda bizi daha üç oyun gözləyir. Bu oyunlarda da maksimum xal toplamağı hədəfləmişik. Üçüncü yeri tutub, bürünc medallara sahib çıxmaq istəyirik. "Neftçi" ilə matç çətin olacaq. Çünki son dövrlər yaxşı çıxış etməyə başlayıblar. Bu klub mənim üçün doğmadır. Amma onlara qalib gəlmək, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.
"Kəpəz" avrokuboklara da hazırdır. Sadəcə, komandanı bir qədər gücləndirmək lazımdır. Bu isə rəhbərliyin işidir. Komandaya hansı oyunçuların lazım olduğunu baş məşqçi daha yaxşı bilir".
