Kakau: Həmin müsahibədən sonra mənim xeyli problemim oldu
Qazaxıstanın futzal üzrə yığma komandasının baş məşqçisi Kakau Azərbaycanda çalışacağı barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasında çalışmaq istərdim. Amma bu, baş verməyəcək. Çünki mənim Qazaxıstan Futzal Federasiyası və "Kayrat"la müqaviləm var. Əks halda ölkənizə gələrdim. Düzünü deyim ki, saytınıza əvvəlki müsahibəmdən sonra mənim xeyli problemim oldu. Mən o vaxt Azərbaycan yığmasında çalışmağın əleyhinə olmadığımı söyləmişdim. Amma indi Qazaxıstandayam və heç bir yerə getmirəm.
Marat Salyanski və direktorla söhbətləşmişdim. Sadəcə, onların mənə də, Alesioya da zəng etməsi anlaşılmaz idi. Bu, düz deyil, qeyri-peşəkarlıqdır. Qazaxıstan Futzal Federasiyası ilə müqaviləmin müddəti başa çatandan sonra onlarla danışacağam, bundan sonra necə olacağını görəcəyik. Amma dünya çempionatı öncəsi heç bir başqa söhbət ola bilməz".
