Mərkəzi arenanın direktoru: Final matçına tam hazırıq
Tofiq Bəhramov adına respublika stadionunun direktoru Şamil Quliyev "Qarabağ"la "Neftçi" arasında baş tutacaq Azərbaycan Kubokunun final matçının bu arenaya təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Final matçının "Tofiq Bəhramov"da keçiriləcəyini mətbuatdan öyrəndim. Mənə bu barədə şəxsən heç kim bir söz deməyib. Bildiyiniz kimi, hazırda arenanı "Qarabağ" icarəyə götürüb. Bu məsələni klub və stadion rəhbərliyi həll etməlidir. Qərarı da birgə qəbul etməliyik. İstənilən halda, arena belə böyük bir matça hazırdır. Ötən ilin noyabr ayından etibarən aparılan təmir işləri ilə əlaqədar burada heç bir matç keçirilmirdi. Amma artıq hər şey geridə qalıb. Qazonu dəyişmişik, hazırda əla vəziyyətdədir. Bütün xırda detallar nəzərə alınıb. Artıq iyul ayında bizi Çempionlar Liqasının oyunları gözləyir. Ona görə də hazırlıq tam gücü ilə davam edir. Kubokun final matçına gəlincə, "Qarabağ"la "Neftçi" ölkənin ən populyar klublardır. Ona görə arenanın tam dolacağına inanıram".
