Elçin Əsədov: Qrupdan çıxmaq şansımız az da olsa, var
Azərbaycanın U-17 yığmasının kapitanı Elçin Əsədovun azerisport.az saytına müsahibəsi
- AÇ-2016-nın final mərhələsindəki ikinci oyununuzda Belçika ilə bərabərə qaldınız (1:1). Matçla bağlı nə deyə bilərsiniz?
- Oyundan öncə öz aramızda qələbə qazanmağa söz vermişdik. Startdakı Portuqaliya ilə oyunda bizdə heç nə alınmadı. Öz imkanlarımızdan çox aşağı çıxış etmişdik. Amma Belçika ilə görüşdə bacardığımız hər şeyi etdik. Yaxşı qol imkanlarımız da oldu. Onlardan yararlanmalı idik.
- Deyəsən, komandamızda hər kəs hakimlikdən narazı qalıb...
- Hakim bizim iki penaltimizi vermədi. O, bizə qarşı ədalətsiz davrandı. Uşaqlar meydanda bütün güclərini qoydular və göstərdilər ki, oynaya bilirlər. Azarkeşlərə də verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm.
- Hakimlər adətən meydan sahiblərinə qarşı xeyirxah olurlar...
- Amma belə olmadı. Ona niyə belə etdiyini sual vermək istərdim. İkinci hissədə rəqibin cərimə meydançasındakı qayda pozuntusunu hansı hakimə göstərsən, orada yüz faizlik penalti olduğunu deyəcək. Hakim bizim qələbəmizi əlimizdən aldı.
- Bəs bu cür oyunu Portuqaliya ilə oyunda niyə göstərə bilmədiniz?
- Həmin gün açılış matçına çıxmışdıq. Komanda hələ turnirin ritminə uyğunlaşmamışdı. Həm də qeyd etdiyim kimi, imkanlarımızdan çox aşağı çıxış etdik.
- Portuqaliya ilə oyunu 30 mindən çox azarkeş izləyirdi. Bəlkə alışmadığınız bu amil sizin oyununuza mənfi təsir göstərdi?
- Düz qeyd etdiniz. 17 yaşlı futbolçu üçün bu, çox çətindir. Biz ilk dəfə belə atmosferdə oynayırdıq. Bəlkə də portuqaliyalı futbolçular buna alışıq idilər. Amma bizim üçün tam fərqli vəziyyət idi.
- Dizləriniz əsirdi?
- Şəxsən mənim dizlərim əsmirdi, amma stress var idi. Amma hər şeyi həyəcanla əlaqələndirməzdim. Rəqib də bizdən həm fiziki, həm də texniki baxımdan güclü idi.
- Qrupdan çıxmaq şanslarınız barədə nə düşünürsünüz?
- Təəssüf ki, hər şey öz əlimizdə deyil. Bizə Şotlandiyaya qalib gəlmək lazımdır. Eyni zamanda portulaliyalıların Belçikaya böyük hesabla qalib gəlməsinə ümid etməliyik. Belçikaya qalib gəlsəydik, hər şey fərqli olacaqdı. Amma yenə şansımız az da olsa, var.
