Məqsəd İsayev: Avroliqaya vəsiqəni təmin etmək üçün AZAL-ı mütləq qabaqlamalıyıq
"Neftçi"nin müdafiəçisi Məqsəd İsayev Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində AZAL üzərində qazandıqları qələbədən (3:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kubokun finalına çıxmağımız AZAL-la oyundan öncə komandamızda atmosferin xeyli yaxşılaşmasına kömək etdi. Digər tərəfdən bu klubla aramızdakı xal fərqini azaltmağın vacibliyini anlayırdıq. Qələbə qazanmağımız lazım idi. Şadam ki, bu istəyimizə çatdıq və hazırda AZAL-la xal fərqi 2-yə enib. AZAL-ı qabaqlamaq üçün əlimizdən gələni etməliyik ki, Avropa Liqasına vəsiqə qazanaq. Əlbəttə, avrokuboklara kubok vasitəsilə də düşmək olar. Amma biz eyni zamanda çempionatda da AZAL-ı qabaqlamaq istəyirik. Kubokun finalını isə çempionat oyunlarından sonra düşünməyə başlayacağıq. Qarşımıza qoyulan əsas hədəf son üç çempionat matçında qələbə qazanmaqdır. Bu oyunlarda qalib gəlməliyik ki, final öncəsi motivasiya daha yüksək olsun".
