Aslan Kərimov: Belçika ilə heç-heçə pis nəticə deyil
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov 17 yaşadək futbolçulardan ibarət milli komandamızın AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Portuqaliya (0:5) və Belçikaya (1:1) qarşı keçirdiyi oyunları şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hamımız bilirdik ki, final mərhələsindəki rəqiblərimiz bizdən daha güclüdür. Buna baxmayaraq, ilk matçda Portuqaliyaya qarşı daha yaxşı oynaya bilərdik. Amma həmin gün Bakı Olimpiya stadionu çoxlu azarkeşin gəlməsi uşaqların həddən artıq həyacan keçirməsinə səbəb oldu. 17 yaşlı futbolçularımız sadəcə, "yandılar". Topa dörd futbolçumuzun getdiyi halda o rəqib futbolçuda qalırdısa, buna başqa ad vermək olmaz. Soyuqqanlılıq çatışmırdı. 0:2 hesabıyla da uduza bilərdik. Maksimum, üçüncü qolu buraxmalıydıq, daha beşini yox. Amma onu da demək lazımdır ki, Portuqaliya turnirin ən güclü komandasıdır.
İkinci oyunda komanda artıq daha böyük güclə hücum edirdi. Heç-heçə pis nəticə deyil. Amma bu oyunda da uduza da bilərdik, uda da. Bütövlükdə, Təbriz Həsənov pis komanda qurmayıb. Amma Avropa nəhəngləri ilə müqayisədə zəifik. Bu komanda ilə ciddi nəyəsə ümid etmək gülünc olar. Biz bu turnirdə sadəcə, ev sahibi kimi iştirak etməyə layiqik. Belədə də qaynar qazana düşmüşük".
