Qara Qarayev: Neftçi final matçında bizdən daha istəkli olacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Sumqayıt" üzərində qazandıqları qələbədən (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qələbəni necə şərh edərdiniz?
- Bu oyuna hazırlıq üçün çox az vaxtımız var idi. Buna baxmayaraq, qələbə qazanmaq bizim üçün vacib idi. Meydana da tam heyətlə çıxmışdıq. Bugünkü 3 xal “Qarabağ”ın gələcək planları ilə üst-üstə düşdü. Bu qələbənin oyun təcrübəsini qorumaq, eləcə də qələbə ruhunu saxlamaq baxımından əhəmiyyəti çox böyükdür.
- “Qarabağ” çempionatda məqsədinə çatıb. Belədə oyunlara köklənmək çətin olmur?
- Məqsədimizə çatsaq da, çempionat bitməyib. Üstəlik, bizim işimiz çempionatdan sonra da davam edəcək. Kubokin final, yığmanın oyunları, ardınca Çempionlar Liqasına hazırlıq gəlir. Mümkün qədər oyun təcrübəmizi qorumalıyıq.
- Amma əvvəlki istəyin olmadığı hiss olunur...
- Ola bilsin, istək bir az azalsın. Bu da normaldır. Ancaq qələbə ruhunu qorumaq üçün çalışmalıyq. Ən vacibi də budu.
- Mövsümü yenə ən gec başa vuran iki komandadan biri “Qarabağ” olacaq. Kubokun finalı haqda nə düşünürsən?
- Elə kubok oyununda da yaxşı çıxış etmək üçün formadan düşməməliyik. Yəni yaxşı hazırlaşmasaq, ardıcıl məğlubiyyətlər alsaq, finalda çətin olacaq. Biz də çalışırıq buna yol verməyək.
- Ötənilki final təkrarlana bilərmi?
- Qurban Qurbanovun da dediyi kimi, finalda “Neftçi” bizdən daha istəkli olacaq. “Qəbələ” ilə yarımfinal oyununda bunu ortaya qoydular. Avrokuboklara getmək üçün rəqibimiz maksimum güc sərf edəcək. Biz də onlarla duelə hazır olmalıyıq. Final oyunu çətin keçəcək.
- Finalda “Qəbələ” ilə qarşılaşmaq münasib olardı, yoxsa elə “Neftçi” yaxşıdı?
- Bizim üçün kiminlə qarşılaşmağımızın fərqi yoxdu. “Qəbələ” düşsəydi, onlara uyğun hazırlıq keçəcəkdik. Bu dəfə “Neftçi”ni nəzərə alıb, hazırlaşacağıq.
- Həlledici oyunun keçiriləcəyi stadion hələ dəqiqləşməyib. Matçın hansı arenada baş tutmasını istərdin?
- PFL prezidenti Ramin Musayev Masazırdakı "Əlincə" stadionunun mümkünlüyünü deyib. Mən də bu fikri dəstəkləyirəm. Amma buna mən qərar vermirəm. Əsas odur ki, arena oyun üçün hazır olsun və biz orada yaxşı futbol göstərə bilək.
